0123344433
Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Xətai Rayonu Xətai Bələdiyyəsinin iştirakı ilə rayon ərazisində genişmiqyaslı iməclik və abadlıq-təmizlik tədbiri keçirilib.
İməclik çərçivəsində rayonun müxtəlif ərazilərində genişmiqyaslı təmizlik və abadlıq işləri aparılıb. Yaşıllıq sahələrində yeni ağaclar əkilib, mövcud ağacların və kolların dibləri bellənərək onlara aqrotexniki qulluq göstərilib. Park və istirahət əraziləri məişət tullantılarından təmizlənib, ətraf ərazilərdə səliqə-sahman yaradılıb.
Eyni zamanda, rayon ərazisində yolların və digər müvafiq sahələrin dezinfeksiya işləri həyata keçirilib. Köhnəlmiş və yararsız vəziyyətdə olan tullantı qabları yeniləri ilə əvəz olunaraq ərazilərdə sanitar-gigiyenik vəziyyətin və təmizliyin daha da yaxşılaşdırılması istiqamətində tədbirlər görülüb.
Aparılan işlər zamanı rayon ərazisinin abad, təmiz və yaşıllıqlarla zəngin vəziyyətdə saxlanılması, sakinlər üçün daha əlverişli və sağlam mühitin yaradılması əsas məqsədlərdən biri olub.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev və Xətai Bələdiyyəsinin sədri Elşad Vəliyev iməclik zamanı görülən işlərlə yerində tanış olub, prosesdə şəxsən yaxından iştirak ediblər. Rəhbərlər həyata keçirilən abadlıq və təmizlik tədbirlərinin gedişinə nəzarət edib, aidiyyəti şəxslərə müvafiq tövsiyə və tapşırıqlarını veriblər.
Rayon ərazisində bu istiqamətdə həyata keçirilən tədbirlərin davamlı xarakter daşıması, yaşıllıqların qorunması, ətraf mühitin mühafizəsi və sanitariya vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində işlərin bundan sonra da mütəmadi şəkildə davam etdirilməsi nəzərdə tutulur.