Gözləyin...
Bələdiyyələrin maliyyəsinin əsasları haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Maddə 1. Qanunun təyinatı

Bu Qanun bələdiyyələrin maliyyəsinin formalaşması və istifadəsinin prinsiplərini yerli büdcə prosesinin əsaslarını və bu sahələrdə bələdiyyələrin səlahiyyətləri və onların müvafiq icra hakimiyyəti orqanları ilə qarşılıqlı münasibətlərini müəyyən edir.

Maddə 2. Bələdiyyələrin maliyyələşməsinin əsasları haqqında qanunvericilik

Bələdiyyələrin maliyyəsinin formalaşması və istifadəsi ilə əlaqədar yaranan münasibətlər Azərbaycan Respublikasının Konstitusiyası ilə bu Qanunla, “Bələdiyyələrin statusu haqqında”, “Büdcə sistemi haqqında”, “Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları ilə tənzimlənir.

Maddə 3. Bələdiyyə maliyyəsinin iqtisadi əsasları və formalaşması prinsipləri

1. Bələdiyyə maliyyəsinin iqtisadi əsaslarını bələdiyyə əmlakı, bələdiyyə torpaqları, yerli büdcə və büdcədənkənar fondlar, bələdiyyənin istehsal, xidmət və digər iqtisadi fəaliyyəti təşkil edir.

2. Bələdiyyənin maliyyə vəsaitinin formalaşması və istifadəsi özünüidarəetmə, müstəqillik, aşkarlıq və yerli mənafenin respublika mənafeyi ilə uzlaşması prinsiplərinə əsaslanır.

Maddə 4. Yerli büdcə

1. Yerli büdcə bələdiyyə statusuna uyğun olaraq özünüidarəetmə prinsiplərini reallaşdırmaq, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyənləşdirilmiş bələdiyyə səlahiyyətlərini həyata keçirmək üçün formalaşan və istifadə olunan maliyyə vəsaiti.

Yerli büdcə bələdiyyə büdcəsi olub dövlət büdcəsinin tərkib hissəsi deyil.

2. Bələdiyyələrin qanunvericiliyə uyğun olaraq yerli büdcənin tənzimlənməsi prosesində dövlət büdcəsindən vəsait almaq hüququ vardır.

3. Yerli büdcənin tərtibi və icrası prosesində büdcə sisteminin qanunvericiliklə müəyyən edilmiş ümumi prinsipləri və Azərbaycan Respublikasında tətbiq olunan büdcə təsnifatından istifadə olunur.

4. Büdcə ili yanvarın 1-də başlanır və dekabrın 31-də qurtarır.

Maddə 5. Yerli büdcənin müstəqilliyi

1. Yerli büdcənin müstəqilliyi öz mədaxil mənbələrinin olması və bələdiyyənin yerli büdcə vəsaiti barədə sərəncam vermək müstəsna hüququ ilə təmin edilir.

2. Azərbaycan Respublikası qanunvericilik və icra hakimiyyəti orqanlarının bələdiyyələrin büdcə fəaliyyətinə, müdaxiləsinə, Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla yol verilmir.

3. Bələdiyyə yerli büdcənin maliyyə ilinin sonuna əmələ gəlmiş sərbəst qalıqlarına müstəqil sərəncam verir.

4. Bələdiyyə yerli büdcəni iqtisadi qanunların tələblərinə uyğun müstəqil olaraq tərtib, müzakirə, təsdiq, icra və onun icrasına nəzarət edir.

Maddə 6. Büdcələrarası və dövlət hakimiyyəti orqanları ilə münasibətlər

1. Yerli büdcələrin müstəqilliyinə dövlət zəmanət verir və onun öhdəliklərinə məsuliyyət daşımır. Dövlət zəmanəti aşağıdakılara əsaslanır:

1.1. İnvestisiya və pul-kredit siyasəti əsasında istehsal və xidmət sferasının inkişafına şərait yaratmaq;

1.2. Yerli sosial-iqtisadi inkişaf proqramlarını yerli büdcə gəlirləri hesabına maliyyələşdirmək mümkün olmadıqda, yerli büdcə kəsirini ödəmək üçün dövlət büdcəsinin imkanlarını nəzərə alaraq əlavə gəlir mənbələrinin müəyyən edilməsi və ya dövlət büdcəsindən dotasiya və subvensiyaların ayrılması.

2. Qanunvericilik və icra hakimiyyəti orqanları bələdiyyələrə əlavə səlahiyyətlər həvalə etdikdə onları bu səlahiyyətlərin həyata keçirilməsi üçün zəruri maliyyə vəsaiti ilə təmin edirlər.

3. İcra hakimiyyəti orqanlarının qəbul etdikləri qərarlar nəticəsində yerli büdcələrin gəlirlərinin azalması və ya xərclərinin artması baş verdikdə uyğun azalma və ya artma məbləğləri bu qərarları qəbul edən orqanlar tərəfindən kompensasiya olunur.

4. Bələdiyyə qanunvericiliklə nəzərdə tutulmuş qaydada yerli büdcənin icrasına dair məlumatı statistika orqanlarına və müvafiq icra hakimiyyəti orqanına təqdim edir.

Maddə 7. Yerli büdcənin gəlirləri

1. Yerli büdcənin gəlirlərinə aşağıdakılar aid edilir:

1.1. fiziki şəxslərdən torpaq vergisi;

1.2. fiziki şəxslərdən əmlak vergisi;

1.3. yerli əhəmiyyətli tikinti materiallar üzrə mədən vergisi;

1.4. bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan mənfəət vergisi;

1.5. bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə yerləşdirilən küçə reklamlarına görə ödəniş;

1.6. kurort rüsumu, mehmanxana rüsumu, avtomobillərin dayanacaqları üçün rüsum və qanunla müəyyən edilən digər yerli ödənişlər;

1.7. Azərbaycan Respublikasının dövlət büdcəsindən verilən dotasiya, subvensiya və ssudalar;

1.8. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bələdiyyə əmlakının özəlləşdirilməsindən və icarəyə verilməsindən gəlirlər, lotereyalardan daxil olan vəsait, habelə bələdiyyələrin fəaliyyətindən əldə edilən digər gəlirlər;

1.9. fiziki və hüquqi şəxslərin, beynəlxalq təşkilatların və fondların maliyyə yardımları və qrantları;

1.10. dövlət əhəmiyyətli tədbirlərin və dövlət orqanlarının qərarları nəticəsində yaranan xərclərin ödənilməsi üçün maliyyə vəsaiti.

1.11. Yerli (bələdiyyə) vergilər və ödənişlərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada hesablanmış faiz və sanksiyalar.

2. Bu maddənin 1.1-1.4-cü, 1.6-cı yarımbəndlərində göstərilən yerli vergi və ödənişlərin hesablanması, ödənilməsi və güzəştlərin verilməsi qaydası, habelə dərəcələrinin yuxarı həddi qanunla müəyyən edilir, tətbiqinin zəruriyyəti və konkret dərəcələri isə bələdiyyələrin qərarları ilə müəyyənləşdirilir. Bu maddənin 1.5-ci yarımbəndində göstərilən bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə reklamının yerləşdirilməsi, yayımı və reklam tarifi zonaları üzrə ödənilən haqqın minimum miqdarının hesablanması qaydaları “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada müəyyən olunur, konkret dərəcələri isə bələdiyyələr tərəfindən müəyyənləşdirilir. Bu maddənin 1.7-ci yarımbəndində göstərilən dövlət büdcəsindən yerli büdcələrə ayrılan dotasiya və subvensiyalar “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 32.3.3-ci və 34.4-cü maddələri ilə müəyyən edilmiş qaydada verilir.

3. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada bələdiyyələr yerli əhəmiyyətli məsələlərin maliyyələşdirilməsi üçün bu maddənin 1.6-cı yarımbəndində göstərilən yerli ödənişlər, habelə könüllü birdəfəlik ödənişlər barədə qərarlar qəbul edə bilərlər. Könüllü birdəfəlik ödənişlər barədə qərarlar nəticəsində əldə olunan vəsait yalnız məqsədli təyinatı üzrə istifadə olunur. [10]

Maddə 8. Yerli büdcələrin xərcləri

1. Yerli büdcələrin xərclərinin həcmi və istiqamətləri bələdiyyələr tərəfindən müəyyənləşdirilir.

2. Yerli büdcə bələdiyyənin idarəetmə xərcləri, sosial-məişət, yaşayış, mədəniyyət və idman obyektlərinin, habelə əhalinin ümumi istifadəsində olan küçə, həyət və bağların saxlanması xərcləri nəzərə alınmaqla bələdiyyələrin müəyyən etdiyi xərc normativləri əsasında formalaşdırılır.

Yerli büdcələrdə həmçinin yerli sosial müdafiə, sosial və iqtisadi inkişaf, habelə ekoloji proqramların maliyyələşdirilməsi üçün xərclər nəzərdə tutula bilər.

Bələdiyyənin ərazisində yaşayan əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn və yas mərasimlərinin təşkilinə yardım məqsədi ilə yerli büdcədə zəruri xərclər nəzərdə tutulur və təyinatı üzrə sərf edilir. [11]

Yerli büdcənin xərc istiqamətləri müəyyən edilərkən əməkhaqlarına ayırmalar ümumi büdcənin əlli faizindən çox ola bilməz.

Bələdiyyə büdcəsindən pul vəsaiti yalnız bələdiyyə iclasının qərarı ilə ayrılır və bu qərarda həmin vəsaitin təyinatı, məqsədi və dəqiq miqdarı göstərilməlidir.[12]

3. Dövlət büdcəsindən dotasiya, subvensiya və ssuda alan yerli büdcənin xərclərinin hesablanmasında tətbiq olunan normativlər dövlət büdcəsinin xərclərinin hesablanması üçün tətbiq olunan xərc normativlərindən yüksək ola bilməz. [13]

4. Dotasiyanın yuxan həddinin hesablanmasında bələdiyyənin ərazisində yaşayan əhalinin sayı və ölkənin maliyyə ehtiyatlarının formalaşmasında onun xüsusi çəkisi və digər amillər nəzərə alına bilər. [14]

5. Əlavə səlahiyyətlərin həyata keçirilməsi üçün qanunvericilik və icra hakimiyyətləri tərəfindən ayrılan məqsədli vəsait, o cümlədən subvensiya hesabına xərclərin maliyyələşdirilməsi yerli büdcənin məxaric hissəsində ayrıca sətirdə göstərilir.

6. Xərclərinin öz gəlirləri ilə təmin olunmayan hissəsi (yerli büdcənin kəsiri) dövlət büdcəsindən alınan dotasiya ilə örtülə bilər.

Maddə 9. Yerli büdcənin tərtibi

1. Yerli büdcənin layihəsi bələdiyyə ərazisində fəaliyyət göstərən bələdiyyə müəssisələrinin və digər hüquqi şəxslərin, habelə fiziki şəxslərin təsərrüfat fəaliyyətinin qiymətləndirilməsi, sosial-iqtisadi proqnozlar və məqsədli proqramlar əsasında formalaşır. [15]

2. Bələdiyyələr dövlət büdcəsindən dotasiya nəzərdə tutulan yerli büdcə layihəsini tərtib edərkən müvafiq icra hakimiyyəti orqanına mayın 1-dək lazımi hesablamalar verirlər.

3. Yerli büdcə layihəsinin tərtibi prosesi növbəti büdcə ilinə 11 ay qalmış başlanır və büdcə layihəsinin bələdiyyə iclasına təqdim edildiyi günədək davam edir. Yerli büdcə layihəsinin tərtibinə və bələdiyyə iclasına təqdim edilməsinə bələdiyyə sədri cavabdehdir və bu məqsədlə o, bələdiyyənin daimi və başqa komissiyalarını, bələdiyyə qulluqçularını və mütəxəssisləri cəlb edə bilər. [16]

Maddə 10. Yerli büdcənin müzakirəsi və təsdiqi

1. Növbəti büdcə ili üçün yerli büdcə haqqında qərar layihəsi müvafiq sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15-dən gec olmayaraq bələdiyyə iclasının müzakirəsinə və təsdiqinə təqdim edilir. Yerli büdcənin layihəsi bələdiyyə iclasına təqdim edildiyi tarixdən 10 gün ərzində yerli əhalinin onunla tanış olması məqsədi ilə dərc edilir. [17]

2. Növbəti büdcə ili üzrə yerli büdcənin layihəsi bələdiyyə iclasında cari ilin dekabr ayının 20-dən gec olmayaraq təsdiq edilir. [18]

3. Növbəti maliyyə ili üçün dövlət büdcəsindən dotasiya nəzərdə tutulan yerli büdcənin layihəsi cari ilin dekabr ayının 25-dən gec olmayaraq bələdiyyənin qərarı şəklində təsdiq edilir.

4. Təsdiq edilmiş yerli büdcə bələdiyyənin qərarı ilə dəqiqləşdirilə bilər.

Maddə 11. Yerli büdcənin icrası

1. Bələdiyyələr dövlət büdcəsindən alınmış məqsədli vəsaitlər istisna olmaqla, yerli büdcənin icrası prosesində mədaxil və məxaric maddələrində büdcə təsnifatı üzrə təsdiq edilmiş təxsisat həddində dəyişikliklər apara bilərlər.

2. Yerli büdcələrin icrası zamanı qəbul edilmiş öhdəliklər üzrə əməliyyatlar büdcə ili qurtardıqda başa çatır və istifadə olunmayan vəsait bələdiyyələrin sərəncamında qalır. [19]

3. Bələdiyyələr öz nizamnaməsində müəyyən edilmiş qaydada yerli büdcənin icrası haqqında yarımillik və illik hesabatı bələdiyyə iclasına təqdim edir. Yarımillik maliyyə hesabatları hesabat dövründən sonrakı ayın 15-dək, illik maliyyə hesabatları növbəti ilin yanvarın 30-dək təqdim edilməlidir. Bələdiyyələr təqdim edilmiş maliyyə hesabatlarını bələdiyyə iclasının qərarı ilə 15 (on beş) gün müddətində təsdiq edirlər. Yerli əhalini tanış etmək məqsədilə bələdiyyələr illik hesabatı onlara elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və s. vasitələrlə çatdırırlar.[20]

Maddə 12. Yerli büdcənin tarazlaşdırılması

Əgər bələdiyyə büdcəsinin icrası prosesində mədaxil mənbələri üzrə daxil olan vəsait azalarsa və bu, kəsrin son həddi aşmasına gətirib çıxararsa, məxaricin ixtisarı mexanizmi tətbiq edilə bilər. Məxaricin ixtisarı müdafiə olunmuş maddələr istisna olmaqla, büdcənin bütün maddələri üzrə məxaricin mütənasib surətdə azaldılmasından ibarətdir.

Maddə 13. Yerli büdcəyə nəzarət

1. Yerli büdcənin icrasına, o cümlədən sərf edilən vəsaitin təsdiq edilmiş büdcə göstəricilərinə uyğunluğuna bələdiyyə nəzarət edir və bu məqsədlə ildə bir dəfədən az olmayaraq müstəqil auditorları cəlb edir. [21]

2. Qanunvericilik və icra hakimiyyəti orqanlarının bələdiyyələrə verdikləri səlahiyyətlərin həyata keçirilməsi üçün maliyyə vəsaitindən istifadəyə həmin orqanlar nəzarət edirlər.

Maddə 14. Bələdiyyələrin maliyyə-kredit və sığorta təşkilatları ilə qarşılıqlı əlaqəsi

1. Bələdiyyələr öz maliyyəsinin təşkili işini həm müvafiq bələdiyyə ərazisində, həm də onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının rezidenti olan kredit təşkilatları ilə qarşılıqlı əlaqədə yerinə yetirirlər.

2. Bələdiyyələrlə kredit və sığorta təşkilatları arasında qarşılıqlı münasibətlər müqavilə əsasında həyata keçirilir.

3. Bələdiyyələrin qanunvericiliklə müəyyən edilmiş qaydada:

3.1. özünün hesablaşma və kassa əməliyyatlarının aparılması üçün müvəkkil bankı seçmək və xəzinədarlığı yaratmaq və ya yerli büdcənin kassa icrasını qanunvericiliyə uyğun olaraq dövlət xəzinədarlığı vasitəsilə həyata keçirmək; [22]

3.2. Azərbaycan Respublikasının rezidenti olan banklardan və digər kredit təşkilatlarından qısamüddətli və uzunmüddətli kreditlər almaq;

3.3. bələdiyyə mülkiyyətində olan obyektlərin, bələdiyyə qulluqçularının sığortalanması haqqında qərar qəbul etmək hüququ vardır.

4. Kredit təşkilatları qarşısında bələdiyyələrin öhdəlikləri üzrə dövlət məsuliyyət daşımır.

Maddə 15. Keçid müddəaları

Bələdiyyələrin vergi xidməti orqanları formalaşanadək bu Qanunun 7-ci maddəsinin 1-ci bəndində göstərilən vergi və ödənişlərin yığılması və yerli büdcələrə köçürülməsi bələdiyyələrin müraciəti əsasında bağlanılan müqavilə və dövlət vergi xidməti orqanları tərəfindən həyata keçirilir.

2000-ci ildə yerli büdcələrə dotasiyalar “Azərbaycan Respublikasının 2000-ci il dövlət büdcəsi haqqında” Qanunun 11-ci maddəsinə uyğun olaraq verilir.

Azərbaycan Respublikasının Prezidenti 

HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 7 dekabr 1999-cu il
№– 772-IQ

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1.       23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №– 12, maddə 736)

2.       23 aprel 2002-ci il tarixli 312-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №– 5, maddə 242)

3.       9 mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №– 4, maddə 202)

4.       30 dekabr 2004-cü il tarixli 819-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №– 2, maddə 62)

5.       23 oktyabr 2007-ci il tarixli 466-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №– 11, maddə 1082)

6.       12 fevral 2010-cu il tarixli 954-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 mart 2010-cu il, №– 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №– 03, maddə 173)

7.       25 oktyabr 2011-ci il tarixli 216-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 dekabr 2011-ci il, №– 278, “Azərbaycan” qəzeti, 25 dekabr 2011-ci il, №– 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, №– 12, maddə 1075)

8.       16 dekabr 2014-cü il tarixli 1146-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 9 mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №– 4, maddə 202) ilə 2-ci maddədə “Dövlət büdcəsi haqqında” sözləri “Büdcə sistemi haqqında” sözləri ilə əvəz edilmişdir.

[2] 9 mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №– 4, maddə 202) ilə 4-cü maddənin 2-ci bəndində “bu Qanuna müvafiq” sözləri “qanunvericiliyə uyğun” sözləri ilə əvəz edilmişdir.

[3] 9 mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №– 4, maddə 202) ilə 6-cı maddənin 1.1-ci yarımbəndində “istehsal” sözündən sonra “və xidmət” sözləri əlavə edilmişdir.

[4] 9 mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №– 4, maddə 202) ilə 6-cı maddənin 4-cü bəndində “statistika orqanlarına” sözlərindən sonra “və müvafiq icra hakimiyyəti orqanına” sözləri əlavə edilmişdir.

[5] 23 aprel 2002-ci il tarixli 312-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №– 5, maddə 242) ilə 7-ci maddənin 1-ci bəndinin 1.5-ci yarımbəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

1.5. küçə (divar) reklamının yerləşdirilməsi və yayımı üçün ödəniş;

[6] 23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №– 12, maddə 736) ilə 7-ci maddənin 1-ci bəndinin 1.6-cı yarımbəndindən “vergi və” sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

1.6. kurort rüsumu, mehmanxana rüsumu, avtomobillərin dayanacaqları üçün rüsum və qanunla müəyyən edilən digər yerli vergi və ödənişlər;

[7] 9 mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №– 4, maddə 202) ilə 7-ci maddənin 1.7-ci yarımbəndində “dotasiya və subvensiyalar” sözləri “dotasiya, subvensiya və ssudalar” sözləri ilə əvəz edilmişdir.

[8] 9 mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №– 4, maddə 202) ilə 7-ci maddəyə 1.11-ci yarımbənd əlavə edilmişdir.

[9] 23 aprel 2002-ci il tarixli 312-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №– 5, maddə 242) ilə 7-ci maddənin 2-ci bəndində “1.1-1.6-cı” rəqəmləri “1.1-1.4-cü, 1.6-cı” rəqəmləri ilə əvəz edilmiş və həmin bəndə ikinci cümlə əlavə edilmişdir.

9 mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №– 4, maddə 202) ilə 7-ci maddənin 2-ci bəndindən “aşağı və” sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

Bu maddənin 1.1-1.4-cü, 1.6-cı yarımbəndlərində göstərilən yerli vergi və ödənişlərin hesablanması, ödənilməsi və güzəştlərin verilməsi qaydası, habelə dərəcələrinin aşağı və yuxarı həddi qanunla müəyyən edilir, tətbiqinin zəruriyyəti və konkret dərəcələri isə bələdiyyələrin qərarları ilə müəyyənləşdirilir. Bu maddənin 1.5-ci yarımbəndində göstərilən bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə reklamının yerləşdirilməsi, yayımı və reklam tarifi zonaları üzrə ödənilən haqqın minimum miqdarının hesablanması qaydaları “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada müəyyən olunur, konkret dərəcələri isə bələdiyyələr tərəfindən müəyyənləşdirilir.

[10] 23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №– 12, maddə 736) ilə 7-ci maddənin 3-cü bəndindən “vergi və” sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

3. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada bələdiyyələr yerli əhəmiyyətli məsələlərin maliyyələşdirilməsi üçün bu maddənin 1.6-cı yarımbəndində göstərilən yerli vergi və ödənişlər, habelə könüllü birdəfəlik ödənişlər barədə qərarlar qəbul edə bilərlər. Könüllü birdəfəlik ödənişlər barədə qərarlar nəticəsində əldə olunan vəsait yalnız məqsədli təyinatı üzrə istifadə olunur.

[11] 23 oktyabr 2007-ci il tarixli 466-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №– 11, maddə 1082) ilə 8-ci maddəsinin 2-ci bəndinə yeni məzmunda üçüncü abzas əlavə edilmişdir.

[12] 12 fevral 2010-cu il tarixli 954-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 mart 2010-cu il, №– 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №– 03, maddə 173) ilə 8-ci maddənin 2-ci bəndinə dördüncü və beşinci abzaslar əlavə edilmişdir.

[13] 9 mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №– 4, maddə 202) ilə 8-ci maddənin 3-cü bəndində “dotasiya” sözündən sonra “subvensiya və ssuda” sözləri əlavə edilmiş, “proqnozlaşdırılması” sözü “hesablanması” sözü ilə əvəz edilmişdir.

[14] 9 mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №– 4, maddə 202) ilə 8-ci maddənin 4-cü bəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

4. Dotasiyanın maksimum həddinin hesablanmasında dövlət büdcəsinin proqnozunda xərc normativləri və ərazin respublika maliyyə resurslarının formalaşmasında xüsusi çəkisi nəzərə alınır.

[15] 9 mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №– 4, maddə 202) ilə 9-cu maddənin 1-ci bəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

1. Yerli büdcənin layihələri müəssisələrin cari və perspektiv təsərrüfat fəaliyyətinin qiymətləndirilməsi ilə bələdiyyələrin ərazi sosial-iqtisadi proqnozları və məqsədli proqramlar əsasında formalaşdırılır.

[16] 30 dekabr 2004-cü il tarixli 819-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №– 2, maddə 62) ilə 9-cu maddəyə 3-cü bənd əlavə edilmişdir.

[17] 30 dekabr 2004-cü il tarixli 819-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №– 2, maddə 62) ilə 10-cu maddənin 1-ci bəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

1. Yerli büdcə layihəsinin müzakirəsi və təsdiqi qaydası bələdiyyənin nizamnaməsi ilə müəyyən edilir.

[18] 30 dekabr 2004-cü il tarixli 819-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №– 2, maddə 62) ilə 10-cu maddəyə yeni 2-ci bənd əlavə edilmişdir. Maddənin əvvəlki 2-ci və 3-cü bəndləri müvafiq olaraq 3-cü və 4-cü bəndlər hesab edilmişdir.

[19] 9 mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №– 4, maddə 202) ilə 11-ci maddənin 2-ci bəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

2. Yerli büdcələrin icrası zamanı qəbul edilmiş öhdəliklər üzrə əməliyyatlar büdcə ili qurtardıqdan sonra bir ay ərzində başa çatdırılır. Bu müddət ərzində istifadə olunmayan vəsait Azərbaycan Respublikasının qanunvericiliyinin dəyişdirilməsi halları istisna olmaqla bələdiyyələrin sərəncamında qalır.

[20] 9 mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №– 4, maddə 202) ilə 11-ci maddənin 3-cü bəndində “hesabatı” sözü “illik hesabatı” sözləri ilə əvəz edilmişdir.

12 fevral 2010-cu il tarixli 954-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 mart 2010-cu il, №– 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №– 03, maddə 173) ilə 11-ci maddənin 3-cü bəndində “təsdiq edir və öz əhalisinə çatdırırlar” sözləri “təsdiq edir və yerli əhalini tanış etmək məqsədi ilə həmin hesabatı müxtəlif vasitələrlə (elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və s.) onlara çatdırırlar” sözləri ilə əvəz edilmişdir.

25 oktyabr 2011-ci il tarixli 216-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 dekabr 2011-ci il, №– 278, “Azərbaycan” qəzeti, 25 dekabr 2011-ci il, №– 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, №– 12, maddə 1075) ilə 11-ci maddəsinin 3-cü hissəsi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

3. Bələdiyyələr öz nizamnaməsində müəyyən edilmiş qaydada yerli büdcənin icrası haqqında illik hesabatı təsdiq edir və yerli əhalini tanış etmək məqsədi ilə həmin hesabatı müxtəlif vasitələrlə (elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və s.) onlara çatdırırlar.

 30 dekabr 2004-cü il tarixli 819-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №– 2, maddə 62) ilə 13-cü maddənin 1-ci bəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

1. Yerli büdcənin icrasına, o cümlədən sərf edilən vəsaitin təsdiq edilmiş büdcə göstəricilərinə uyğunluğuna bələdiyyə nəzarət edir və bu məqsədlə müstəqil auditorları cəlb etmək hüququna malikdir.

 9 mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №– 4, maddə 202) ilə 14-cü maddənin 3.1-ci yarımbəndində “xəzinədarlığı yaratmaq” sözlərindən sonra “və ya yerli büdcənin kassa icrasını qanunvericiliyə uyğun olaraq dövlət xəzinədarlığı vasitəsilə həyata keçirmək” sözləri əlavə edilmişdir.