Gözləyin...
Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. «Bələdiyyənin nümunəvi nizamnaməsi» təsdiq edilsin (əlavə olunur).

2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 15 oktyabr 1999-cu il

№– 709-IQ

«Azərbaycan» qəzetində dərc edilmişdir (25 yanvar 2000-ci il, №– 17).

Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda dərc edilmişdir (31 yanvar 2000-ci il, №– 1, maddə 1).

23 noyabr 2001-ci il tarixli, 219-IIQD nömrəli; 3 dekabr 2002-ci il tarixli, 398-IIQD nömrəli; 30 dekabr 2003-cü il tarixli, 569-IIQD nömrəli; 30 dekabr 2004-cü il tarixli, 819-IIQD nömrəli; 23 dekabr 2005-ci il tarixli, 36-IIIQD nömrəli; 21 aprel 2006-cı il tarixli, 100-IIIQD nömrəli; 25 oktyabr 2011-ci il tarixli, 221-IVQD nömrəli ; 22 may 2012-ci il tarixli, 363-IVQD nömrəliQanunlara əsasən əlavələr və dəyişikliklərlə.


Azərbaycan Respublikasının
1999-cu il 15 oktyabr tarixli,
709-IQ nömrəli Qanunu ilə
təsdiq edilmişdir.

Bələdiyyənin nümunəvi nizamnaməsi

I. Bələdiyyənin adı

Bələdiyyə onun yerləşdiyi ərazinin adı ilə adlandırılır.

II. Bələdiyyə orqanının ünvanı

Bələdiyyə orqanının ünvanı onun yerləşdiyi şəhər, şəhərdə rayon, qəsəbə, kənd, küçə və müvafiq binanın nömrəsidir.

III. Bələdiyyənin hüdudları

Bələdiyyənin hüdudları onun yerləşdiyi ərazinin sərhədləri ilə müəyyənləşdirilir.

IV. Bələdiyyənin fəaliyyətinin təşkili

Bələdiyyənin iclası

1. Bələdiyyənin iclası bələdiyyə üzvlərinin ümumi yığıncağıdır.

2. Bələdiyyə iclaslarında aşağıdakı məsələlər həll edilir:

    • bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, qanunla müəyyən edilmiş hallarda onların səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi;
    • bələdiyyənin reqlamentinin təsdiq edilməsi;
    • bələdiyyənin sədrinin və onun müavinlərinin, daimi və başqa komissiyaların seçilməsi;
    • yerli vergilərin dərəcələrinin aşağı salınması barədə qərar qəbul edilməsi və yerli ödənişlərin müəyyən edilməsi;
    • növbəti büdcə ili üzrə yerli büdcənin layihəsinin və onun icrası haqqında hesabatların təsdiq edilməsi;
    • bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam;
    • yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi;
    • yerli iqtisadi proqramların qəbul və icra edilməsi;
    • yerli ekoloji proqramların qəbul və icra edilməsi.

3. Bələdiyyə üzvləri Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən seçilirlər.

Bələdiyyənin daimi və başqa komissiyaları

1. Bələdiyyənin daimi və başqa komissiyaları bələdiyyə üzvlərindən ibarətdir.

2. Bələdiyyənin daimi və başqa komissiyalarının əsas vəzifələri aşağıdakılardan ibarətdir:

    • yerli əhəmiyyətli sosial müdafiə və sosial inkişaf, ekoloji, iqtisadi inkişaf, yerli xidmət üzrə proqramlar hazırlayıb bələdiyyənin iclasına və ya bələdiyyənin qərarına əsasən yerli əhalinin müzakirəsinə çıxarmaq;
    • yerli əhəmiyyətli məsələləri müzakirə etmək, bələdiyyə iclaslarında müzakirə üçün proqramlar, arayışlar, qərar layihələri və başqa materiallar hazırlamaq;
    • bələdiyyə və onun icra aparatı üçün təkliflər hazırlamaq;
    • seçicilərin tapşırıqlarının yerinə yetirilməsinin təşkilinə və yoxlanılmasına kömək etmək.

3. Bələdiyyənin daimi və başqa komissiyaları bələdiyyə iclaslarında təşkil edilir.

Bələdiyyənin icra orqanı

1. Bələdiyyənin icra orqanı onun icra aparatıdır.

2. Bələdiyyənin icra aparatı yerli əhaliyə xidmət, iqtisadi, ekoloji, sosial müdafiə və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan idarə, şöbə və digər struktur bölmələrdən ibarət ola bilər.

3. Yerli əhaliyə xidmət, iqtisadi və sosial proqramlarını həyata keçirmək üçün yaradılan icra strukturların rəhbərlərini bələdiyyənin qərarına əsasən, digər işçilərini isə birbaşa bələdiyyənin sədri vəzifəyə təyin edir.

4. Bələdiyyənin icra aparatının strukturu onun qarşısında duran vəzifələrdən və maliyyə vəziyyətindən asılı olaraq bələdiyyə iclasının qərarı ilə təsdiq edilir.

5. Bələdiyyənin icra aparatının səlahiyyətlərinə aşağıdakılar aiddir:

    • bələdiyyəyə baxılmaq və təsdiq edilmək üçün təqdim edilən büdcə, plan, proqram və qərar layihələrinin hazırlanması;
    • bələdiyyənin qəbul etdiyi qərarların yerinə yetirilməsi;
    • bələdiyyə sədrinin qəbul etdiyi qərarların yerinə yetirilməsi;
    • bələdiyyənin qanunla müəyyən olunmuş səlahiyyətlərinin həyata keçirilməsinin təşkili;
    • bələdiyyə mülkiyyətini və bələdiyyənin istifadəsinə verilmiş başqa mülkiyyətin idarə edilməsi;
    • bələdiyyə əmlakının texniki inventarizasiyasının aparılması;
    • qanunvericiliyə əsasən ona həvalə edilmiş digər səlahiyyətləri həyata keçirir.

6. Bələdiyyənin icra aparatı bələdiyyənin, habelə bələdiyyənin daimi və başqa komissiyalarının təşkilati, informasiya, kargüzarlıq, maddi-texniki təminat məsələlərini həyata keçirir, bələdiyyə sədrinin tapşırıqlarını yerinə yetirir, bələdiyyənin qərarlarının icrasını təmin edir. Bələdiyyənin icra aparatının struktur bölmələrinin rəhbərləri görülmüş işlər barədə bələdiyyə sədrinə və bələdiyyəyə hesabat, daimi və başqa komissiyaların iclaslarında səlahiyyətlərinə aid məsələlər barəsində məlumat verirlər.

Vətəndaşların yığıncaqları

Qanunla müəyyən olunmuş hallarda bələdiyyələrdə yerli əhəmiyyətli məsələlərə münasibət bildirmək, təkliflər irəli sürmək, kollektiv rəy söyləmək, qərarlar qəbul etmək məqsədi ilə həmin bələdiyyə ərazilərində vətəndaşlar öz yığıncaqlarını keçirə bilərlər.

Vətəndaşların yığıncaqlarında həmin bələdiyyə ərazisində yaşayan 18 yaşı tamam olmuş vətəndaşların iştirak etmək hüququ vardır.

Vətəndaşların yığıncaqlarında bələdiyyənin nizamnaməsi və başqa qərarlar qəbul edilir, dəyişdirilir və ləğv olunur.

Vətəndaşların yığıncaqları bələdiyyənin ərazisində yaşayan və səsvermə hüququ olan vətəndaşların azı 25 faizi iştirak etdikdə səlahiyyətlidir.

V. Bələdiyyə sədri və sədr müavininin səlahiyyət müddəti

Bələdiyyənin səlahiyyət müddəti ərzində bələdiyyə sədri və sədr müavini bələdiyyənin qərarı ilə müəyyən olunan müddətə seçilə bilərlər.

VI. Bələdiyyə aktlarının qəbul edilməsi və qüvvəyə minməsi qaydası

Bələdiyyə iclaslarında baxılan yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səsçoxluğu ilə, digər qərarlar isə bələdiyyə üzvlərinin sadə səsçoxluğu ilə qəbul edilir.

Müvafiq qanunda nəzərdə tutulmuş qaydada qüvvəyə minmiş bələdiyyə aktları əhaliyə elan edilir və bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir.

VII. Bələdiyyələrin, bələdiyyə orqanlarının və onların vəzifəli şəxslərinin məsuliyyətinin əsasları və növləri

Bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri öz fəaliyyətlərinə və qəbul etdikləri qərarlara, hüquqazidd hərəkətlərinə (hərəkətsizliyinə) görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

VIII. Bələdiyyə üzvlərinin statusu və sosial təminatları

Bələdiyyə üzvünün səlahiyyət müddəti beş ildir.

Bələdiyyə üzvünün səlahiyyətləri onun seçildiyi gündən başlanır və bələdiyyənin yeni tərkibinin işə başladığı gün qurtarır. Bələdiyyə orqanlarının seçkili vəzifəli şəxslərin səlahiyyətləri onların vəzifəyə seçildiyi gündən başlanır və yeni vəzifəli şəxslər seçildiyi gün qurtarır.

Bələdiyyə üzvləri, bələdiyyə orqanlarının seçkili vəzifəli şəxsləri öz səlahiyyətlərini daimi əsasla icra edə bilərlər.

Öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvlərinə, bələdiyyə orqanlarının seçkili vəzifəli şəxslərinə:

    • əmək haqqı bələdiyyə büdcəsinin vəsaiti hesabına ödənilir;
    • səlahiyyət müddəti onun ümumi və fasiləsiz iş stajına daxil edilir.

Bələdiyyənin qərarı ilə yerli büdcənin hesabına səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvünə müalicə olunması və istirahət etməsi üçün hər il onun orta aylıq əmək haqqının 1 misli məbləğində müavinət verilir.

Səlahiyyətlərini daimi əsasla icra etmiş və səlahiyyət müddəti qurtardıqdan sonra yeni müddətə seçilməyən bələdiyyə üzvlərinə bələdiyyənin qərarı ilə iki ay müddətində onların orta aylıq əmək haqqının 2 misli məbləğində müavinət verilir.

IX. Bələdiyyə üzvlərinin səlahiyyətlərinə xitam verilməsi əsasları və qaydası

Bələdiyyə üzvlərinin səlahiyyətlərinə onların səlahiyyət müddəti qurtardıqda xitam verilir.

Bələdiyyə üzvlərinin səlahiyyətlərinə qanunla müəyyən olunmuş əsaslara görə vaxtından əvvəl xitam verilə bilər.

Bələdiyyə üzvlərinin səlahiyyətlərinə xitam verilməsi bələdiyyə iclasının sadə səsçoxluğu ilə qəbul etdiyi qərarı əsasında həll edilir.

X. Bələdiyyə üzvlərinin, bələdiyyə orqanlarının vəzifəli şəxslərinin hüquqları üçün təminatlar

Bələdiyyə üzvlərinin, bələdiyyə orqanlarının seçkili vəzifəli şəxslərinin öz səlahiyyətlərini maneəsiz və səmərəli həyata keçirməsinə, onların hüquqlarının, şərəf və ləyaqətinin müdafiəsinə dövlət təminat verir.

XI. Bələdiyyə qulluğu təşkilinin şərtləri və qaydası

Bələdiyyə sədri və bələdiyyənin icra aparatı struktur bölmələrinin rəhbərləri bələdiyyə qulluğu ilə bağlı təşkilati rəhbərliyi həyata keçirir.

Bələdiyyə icra aparatının tərkibi bələdiyyənin fəaliyyət göstərdiyi ərazidən, qarşısında duran vəzifələrdən və maliyyə vəsaitindən asılı olaraq bələdiyyə tərəfindən idarə rəisləri və rəis müavinlərindən, şöbə müdirləri və onların müavinlərindən, mütəxəssislərdən, müfəttişlərdən və digər işçilərdən təşkil olunur.

XII. Yerli özünüidarənin həyata keçirilməsinin iqtisadi və maliyyə əsasları, bələdiyyə mülkiyyətinə sahibliyin, ondan istifadənin və ona sərəncam verilməsinin ümumi qaydası

Yerli özünüidarənin həyata keçirilməsinin iqtisadi və maliyyə əsasları, bələdiyyə mülkiyyətinə sahibliyin, ondan istifadənin və ona sərəncam verilməsinin ümumi qaydası «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.