0123344433
Azərbaycan Respublikasının Qanunu
Bu Qanun Azərbaycan Respublikasında bələdiyyələrin ərazilərində yerləşən su təsərrüfatı obyektlərinin istifadəsi və onların mühafizəsi ilə əlaqədar bələdiyyələrlə müvafiq icra hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər arasında münasibətlərin hüquqi əsaslarını müəyyən edir.
I fəsil. Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakılardır:
1.0.1. bələdiyyələrin su təsərrüfatı — bələdiyyə torpaqlarında yerləşən yerli əhəmiyyətli yeraltı və yerüstü suların tənzimlənməsi, istifadəsi, mühafizəsi, habelə suların vurduğu zərərin qarşısının alınması ilə əlaqədar tədbirlər;
1.0.2. bələdiyyələrin su təsərrüfatı obyekti — bələdiyyə torpaqlarında yerləşən dövlət mülkiyyətində və xüsusi mülkiyyətdə, habelə Sudan İstifadəedənlər Birliyinin istifadəsində olmayan su ehtiyatlarının istifadəsi, bərpası və mühafizəsi ilə əlaqədar yaradılmış sistemlər və qurğular;
1.0.3. su obyekti — relyef formasına uyğun olaraq yerin üstündə və ya yerin təkində suların toplandığı sərhədləri, ölçüləri və xüsusi su rejimi əlamətləri olan təbii formalaşmış landşaft, yaxud geoloji struktur;
1.0.4. yerli əhəmiyyətli su mənbəyi — bələdiyyə torpaqlarında yerləşən və yerli ehtiyacları ödəmək üçün istifadə olunan su obyektləri;
1.0.5. su obyektinin istifadəçisi — su obyektlərindən istifadə hüququ verilmiş hüquqi və ya fiziki şəxs;
1.0.6. su istehlakçısı — öz ehtiyaclarını təmin etmək üçün müəyyən olunmuş qaydada su obyekti istifadəçilərindən su alan hüquqi və ya fiziki şəxs;
1.0.7. tullantı suları — istehsal, sosial və mülki obyektlərdə istifadə nəticəsində çirklənmiş sular;
1.0.8. drenaj suları — drenaj qurğuları vasitəsilə kənara axıdılan sular;
1.0.9. su obyektlərinin mühafizəsi — su obyektlərinin qorunması və bərpasına yönəldilmiş fəaliyyət;
1.0.10. su obyektlərinin çirklənməsi — suların keyfiyyətini pisləşdirən, su obyektlərinin səthinə, dibinə və ətrafına mənfi təsir edən zərərli maddələrin tökülməsi və ya axıdılması.
Maddə 2. Bələdiyyələrin su təsərrüfatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
2.1. Bələdiyyələrin su təsərrüfatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının Su Məcəlləsindən, «Yerin təki haqqında», «Meliorasiya və irriqasiya haqqında», «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanunlarından və onlara uyğun qəbul edilmiş digər normativ hüquqi aktlardan ibarətdir.
2.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Qanunda nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir.
II fəsil. Bələdiyyələrin su təsərrüfatı obyektləri və subyektləri
Maddə 3. Bələdiyyə mülkiyyətində olan su təsərrüfatı obyektləri
3.1. Bələdiyyə torpaqlarında yerləşən dövlət mülkiyyətində olan yerli əhəmiyyətli su təsərrüfatı obyektləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətinə verilir.
3.2. Su təsərrüfatı obyektləri üzərində bələdiyyə mülkiyyəti aşağıdakı şərtlərlə yaradıla bilər:
3.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan su təsərrüfatı obyektlərini bələdiyyə mülkiyyətinə verməklə;
3.2.2. bələdiyyələr tərəfindən yeni su təsərrüfatı obyektləri yaratmaqla;
3.2.3. hüquqi və fiziki şəxslərin mülkiyyətində olan su təsərrüfatı obyektlərini əqdlər əsasında bələdiyyə mülkiyyətinə almaqla;
3.2.4. qanunvericilikdə nəzərdə tutulmuş digər şərtlərlə.
Maddə 4. Bələdiyyələrin su münasibətlərində obyektləri və subyektləri
4.1. Bələdiyyələrin su münasibətlərinin obyektinə bələdiyyə torpaqlarında yerləşən dövlət mülkiyyətində və xüsusi mülkiyyətdə, habelə Sudan İstifadəedənlər Birliyinin istifadəsində olmayan yerli əhəmiyyətli su obyektləri və su fondunun torpaqları daxildir.
4.2. Bələdiyyələrin su münasibətlərinin subyektləri su obyektlərinin istifadəçiləri və su istehlakçılarıdır. Bələdiyyələr su münasibətlərində onların statusunu müəyyən edən qanunvericilik aktları ilə verilən səlahiyyətlər daxilində iştirak edirlər.
Maddə 5. Bələdiyyələrin ərazisində yerləşən, onların idarəçiliyinə və istifadəsinə verilən dövlət su təsərrüfatı obyektləri
Bələdiyyələrin ərazisində yerləşən dövlət mülkiyyətində olan su təsərrüfatı obyektləri, yaşayış məntəqələrinin su təchizatı sistemləri, suvarma şəbəkələri, yerli əhəmiyyətli digər dövlət su təsərrüfatı sistemləri və qurğuları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydalarla və şərtlərlə bələdiyyələrin idarəçiliyinə və istifadəsinə verilə bilər.
III fəsil. Bələdiyyələrin su təsərrüfatının təşkili və idarə olunması
Maddə 6. Bələdiyyələrin su təsərrüfatının strukturu
6.1. Azərbaycan Respublikasının mülki, su, torpaq, yerin təki haqqında və digər qanunvericilik ilə tənzimlənən hallarda bələdiyyələr öz əraziləri daxilində su təsərrüfatını yaradırlar.
6.2. Bələdiyyələrin su təsərrüfatının strukturuna aşağıdakılar aid edilir:
6.2.1. bələdiyyələrin su təsərrüfatı sistemləri və qurğuları;
6.2.2. bələdiyyə torpaqlarında yerləşən dövlət mülkiyyətində və xüsusi mülkiyyətdə, habelə Sudan İstifadəedənlər Birliyinin istifadəsindəolmayan bulaqlar, quyular, kəhrizlər və yerli əhəmiyyətli digər su obyektləri.
Maddə 7. Bələdiyyələrin su təsərrüfatının idarə edilməsi
7.1. Bələdiyyələrin su təsərrüfatı obyektlərinin idarə olunması bələdiyyələrin özləri və ya onların yaratdıqları su təsərrüfatı müəssisələri tərəfindən həyata keçirilir.
7.2. Bələdiyyələr tərəfindən yaradılan su təsərrüfatı müəssisələri bələdiyyələrin tabeçiliyində olan hüquqi şəxsdir, istehsal (təsərrüfat) hesabı əsasında fəaliyyət göstərirlər.
7.3. Bələdiyyələrin su təsərrüfatı obyektləri bələdiyyələrin su təsərrüfatı müəssisələrinin daimi idarəçiliyinə verilir.
7.4. Bələdiyyələrin su təsərrüfatı sistemləri və qurğularının, su qoruyucu meşə zolaqlarının qorunub saxlanması bələdiyyələr tərəfindən həyata keçirilir.
Maddə 8. Bələdiyyələrin su təsərrüfatı tədbirlərinin planlaşdırılması
8.1. Bələdiyyələrin su təsərrüfatı tədbirlərinin planlaşdırılması bələdiyyələr tərəfindən və onların sifarişi əsasında həyata keçirilir.
8.2. Bələdiyyələrin sifarişi ilə su təsərrüfatı tədbirləri planlaşdırılarkən ərazinin təbii-iqlim xüsusiyyətləri, əhalinin suya tələbatı və kənd təsərrüfatının suya ehtiyacı müvafiq norma və qaydalara uyğun müəyyən edilir.
Maddə 9. Bələdiyyələrin su təsərrüfatının maliyyələşdirilməsi
9.1. Bələdiyyə torpaqlarında meliorasiya və irriqasiya tədbirləri, habelə bələdiyyənin digər su təsərrüfatı obyektlərinin istismarı və bərpası müvafiq bələdiyyə büdcələri və dövlət büdcəsi hesabına aparılır.
9.2. Bələdiyyələrin sifarişləri əsasında aparılan su təsərrüfatı tədbirləri bələdiyyə büdcələri, kreditlər alınması, suya ödənişlər, hüquqi və fiziki şəxslərin vəsaiti, qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
9.3. Təbii fəlakət və qəza baş verdiyi hallarda su təsərrüfatı obyektlərinin yenidən bərpa olunması və bələdiyyələrə vurulan zərərin miqyasından asılı olaraq və onların aradan qaldırılması dövlət büdcəsi vəsaitindən və qanunvericiliklə müəyyən olunmuş digər vəsaitlərdən və güzəştli kreditlərdən də istifadə edilə bilər.
Maddə 10. Bələdiyyələrin su təsərrüfatı obyektlərində sudan pullu istifadə
10.1. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulmuş hallar, habelə yaşayış məntəqələri daxilində ümumi istifadədə olan içməli məqsədlər üçün istifadə olunan bulaqlar, quyular, kəhrizlər istisna olunmaqla bələdiyyələrin su təsərrüfatı obyektlərində sudan pullu istifadə olunur.
10.2. Bələdiyyələrin su təsərrüfatı obyektlərində sudan pullu istifadə qaydaları və şərtləri Azərbaycan Respublikasının su qanunvericiliyi və digər müvafiq qanunvericilik aktları, bələdiyyə aktları ilə müəyyən edilir.
10.3. Bələdiyyələrin su təsərrüfatı obyektlərində sudan pullu istifadənin əsas məqsədi aşağıdakılardır:
10.3.1. bələdiyyə ərazisindəki su ehtiyatlarından səmərəli istifadənin təmin olunması;
10.3.2. suyun dəqiq uçotunun aparılması;
10.3.3. su təchizatına yönəldilmiş xərclərin ödənilməsi;
10.3.4. suvarma və su kəmərləri sistemlərinin yeni avadanlıqlarla təchiz olunmasının yaxşılaşdırılması;
10.3.5. yeni su mənbələrinin yaradılması.
10.4. Bələdiyyələrin su təsərrüfatı obyektlərində sudan istifadə haqqı və onun diferensiallaşdırılması suyun keyfiyyətindən, istifadəyə görə təyinatından (içməli, texniki, suvarma və s.), su ehtiyatlarının və ona tələbatın fəsillər üzrə dəyişkənliyindən, su təsərrüfatı obyektinin texniki səviyyəsindən, suyun götürülmə və nəql edilmə üsullarından və istehsal xərclərinin həcminə təsir edən digər amillərdən asılı olaraq bələdiyyələr tərəfindən müəyyən edilir.
IV fəsil. Bələdiyyələrin su təsərrüfatı obyektlərindən istifadə
Maddə 11. Bələdiyyələrin su təsərrüfatı obyektlərindən ümumi və xüsusi istifadə sahəsində müəyyən olunan şərtlər
11.1. Bələdiyyələrin su təsərrüfatı obyektlərindən ümumi istifadə, qurğular və texniki avadanlıq tətbiq etmədən hüquqi və fiziki şəxslər tərəfindən bələdiyyələrə məlumat verməklə həyata keçirilə bilər.
11.2. Bələdiyyə mülkiyyətində olan su təsərrüfatı obyektlərindən xüsusi istifadə hüquqi və fiziki şəxslər tərəfindən qurğular və texniki avadanlıq tətbiq etməklə bələdiyyələrin razılığı əsasında həyata keçirilir.
11.3. Əhalinin həyatını və sağlamlığını qorumaq və lazımi sanitariya şəraiti yaratmaq məqsədilə bələdiyyələr onların mülkiyyətində olan su obyektlərindəki çimərliklərin, qayıqlarla gəzintinin, balıq ovunun, içməli su ilə təsərrüfat-məişət ehtiyaclarını ödəmək üçün su götürülməsinin, mal-qaranın suvarılmasının və sudan digər istifadənin qadağan olduğu yerləri müəyyən edə bilərlər, habelə yaşayış məntəqələrinin ərazisində yerləşən bələdiyyələrin su təsərrüfatı obyektlərində sudan ümumi məqsədlər üçün istifadə olunmasının başqa şərtlərini təyin edə bilərlər.
11.4. Bələdiyyələr öz ərazilərində su təsərrüfatı obyektlərinin dağıdılmasının, torpaqların bataqlaşmasının, şoranlaşmasının, yarğanların əmələ gəlməsinin, torpaq sürüşməsinin və çökməsinin, subasmanın, daşqının, sellərin digər zərərli təsirlərin qarşısının alınmasında və onların nəticələrinin aradan qaldırılmasında müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə tədbirlər həyata keçirirlər.
Maddə 12. Bələdiyyələrin su təsərrüfatı obyektlərindən turizm və rekreasiya, idman, müalicə məqsədləri üçün istifadə yerlərinin müəyyən edilməsi
12.1. Bələdiyyələr mülkiyyətində olan su təsərrüfatı obyektlərindən kütləvi müalicə, turizm və rekreasiya,, idman və başqa məqsədlər üçün istifadə yerlərini və qaydalarını müəyyən edirlər. Həmin yerlərin müəyyən edilməsi müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılır.
12.2. Bələdiyyələrin su obyektlərindən kütləvi istirahət, müalicə, turizm və idman üçün istifadə qaydaları və şərtləri bələdiyyələr tərəfindən hazırlanır və müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılır.
Maddə 13. Bələdiyyələrin su təsərrüfatı obyektlərindən istifadə müqaviləsi
13.1. Bələdiyyələrin su təsərrüfatı obyektlərindən istifadə müqavilə əsasında həyata keçirilir.
13.2. Bələdiyyələrin su təsərrüfatı obyektlərindən istifadə bələdiyyələrlə su təsərrüfatı obyektlərinin istifadəçiləri və su istehlakçıları arasında bağlanan müqavilə əsasında aparılır.
13.3. Bələdiyyələr dövlət mülkiyyətində olan su obyektlərindən istifadəni qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları ilə bağlanan müqavilə əsasında həyata keçirirlər.
Maddə 14. Bələdiyyələrə su təsərrüfatı obyektlərindən istifadəyə icazənin verilməsi
14.1. Bələdiyyələr dövlət mülkiyyətində olan su təsərrüfatı obyektlərindən müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş icazə əsasında istifadə edirlər.
14.2. Bələdiyyələrə su təsərrüfatı obyektlərindən istifadəyə icazə su obyektlərində su ehtiyatlarının həcmi, su istehlakçılarının suya olan tələbatı və su obyektlərinin vəziyyəti nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada verilir.
Maddə 15. Bələdiyyə torpaqlarında yerləşən yeraltı su təsərrüfatı obyektləri və onlardan istifadə
Bələdiyyə torpaqlarında yerləşən yeraltı su təsərrüfatı obyektlərində suların tükənməsinin və bununla əlaqədar ətraf mühitə vurulan zərərin (meşə, bitki örtüyü və s.) qarşısının alınması üçün onların istismar ehtiyatından artıq çıxarılmasına icazə verilmir. Yeraltı içməli sulardan bir qayda olaraq əhalinin su təchizatında istifadə olunur. Yeraltı içməli suların ehtiyatlarından asılı olaraq bu sulardan suvarma üçün istifadə oluna bilər. Yeraltı su təsərrüfatı obyektlərindən istifadə rejimini və onun üzərində nəzarəti Azərbaycan Respublikasının su qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
Maddə 16. Bələdiyyə mülkiyyətində və idarəçiliyində olan su təsərrüfatı obyektlərinin mühafizəsi
16.1. Bələdiyyə mülkiyyətində olan və onların idarəçiliyinə verilmiş su təsərrüfatı obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların tükənməsinin, israfçılığın qarşısının alınması, habelə bunların zərərli təsirinin aradan qaldırılması üzrə tədbirlər bələdiyyələrin su təsərrüfatı müəssisələri tərəfindən həyata keçirilir.
16.2. Bələdiyyələr tərəfindən dövlət mülkiyyətində olan su təsərrüfatı obyektlərinin istifadəsi və mühafizəsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həyata keçirilir.
V fəsil. Su münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin hüquqları və vəzifələri
Maddə 17. Su istehlakçılarının hüquqları və vəzifələri
Bələdiyyələrin su obyektlərindən istifadə edən su istehlakçılarının hüquqları və vəzifələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir.
Maddə 18. Su təsərrüfatı obyektləri üzərində bələdiyyələrin mülkiyyət hüququ
Bələdiyyələr öz mülkiyyətində olan su təsərrüfatı obyektlərini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ümumi istifadəyə, hüquqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə, habelə Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verə bilərlər.
Maddə 19. Su münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri
19.0. Su münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri aşağıdakılardır:
19.0.1. bələdiyyə mülkiyyətində olan su təsərrüfatı obyektlərinə sahiblik və istifadə etmək, onlar barədə sərəncam vermək;
19.0.2. əhalini içməli su ilə təmin etmək və təsərrüfat ehtiyaclarını ödəmək üçün tədbirlər görmək;
19.0.3. bələdiyyələrin mülkiyyətində və idarəçiliyində olan su təsərrüfatı sistemləri və qurğularının istismarı və mühafizəsi qaydalarına əməl olunmasını təmin etmək;
19.0.4. su obyektlərindən, su təsərrüfatı sistemləri və qurğularından istifadə tədbirləri həyata keçirilərkən ətraf mühitin mühafizəsi qaydalarına əməl olunmasını təmin etmək;
19.0.5. sulara zərərli maddələrin təsirinin qarşısının alınması və onun nəticələrinin aradan qaldırılması tədbirlərinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
19.0.6. tullantı sularının təmizlənməsi, zəruri hallarda onların təkrar istifadəyə verilməsi işini təşkil etmək;
19.0.7. səlahiyyətləri daxilində ümumi istifadədə olan su obyektlərindən istifadə şərtlərini müəyyən etmək;
19.0.8. su təsərrüfatı sistemləri və qurğuları layihələrinin ekspertizasında iştirak etmək;
19.0.9. su obyektlərinin istifadəsi, bərpası və mühafizəsi üzrə dövlət proqramlarının işlənib hazırlanmasında və yerinə yetirilməsində iştirak etmək;
19.0.10. əhalinin ehtiyaclarını ödəmək məqsədilə əlavə su mənbələri müəyyənləşdirmək və istifadəyə vermək;
19.0.11. səlahiyyətləri daxilində su təsərrüfatı və meliorasiya sahəsində görülən işlərdə hüquqi və fiziki şəxslərin fəaliyyətini əlaqələndirmək;
19.0.12. regionun su tənzimlənməsində iştirak etmək;
19.0.13. qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək.
Maddə 20. Bələdiyyələrin su təsərrüfatı müəssisələrinin vəzifələri
20.1. Bələdiyyələrin su təsərrüfatı müəssisələri bələdiyyə mülkiyyətində olan su təsərrüfatı obyektlərinin idarə olunması üzrə aşağıdakı vəzifələri həyata keçirirlər:
20.1.1. əhalinin tələb olunan miqdarda içməli, təsərrüfat-məişət təyinatlı və digər sahələrdə istifadə olunan su ilə təchizatını təşkil etmək;
20.1.2. bələdiyyələrin mülkiyyətinə və ya onların idarəçiliyinə verilmiş su obyektlərinin, su təsərrüfatı sistemləri və qurğularının istismarı işlərini təşkil etmək;
20.1.3. tullantı suları imkan daxilində təmizlənərək təkrar dövriyyəyə yönəltmək və ya zərərsizləşdirərək istehsal sahələrindən, şəhər və qəsəbələrdən kənara axıdılmasını təşkil etmək;
20.1.4. sudan istifadə zamanı ətraf mühitin mühafizəsinə və ekoloji tələblərə riayət etmək;
20.1.5. sudan istifadənin uçot və hesabatı işlərini təşkil etmək;
20.1.6. bələdiyyə mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərindən istifadə edən hüquqi və fiziki şəxslərdən həmin obyektlərin saz vəziyyətdə saxlanmasına və onların korlanmasının qarşısının alınmasına nəzarət etmək;
20.1.7. bələdiyyə ərazisi daxilində onun mülkiyyətində və idarəçiliyində olan su anbarları, dəryaçalar və sututarlar vasitəsilə su axınlarının tənzimlənməsini təmin etmək;
20.1.8. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
20.2. Bələdiyyələr öz səlahiyyətləri daxilində qanunvericiliyə uyğun olaraq yeni su təsərrüfatı obyektlərinin tikilməsi və istismarı tədbirlərinin həyata keçirilməsini təşkil edə bilərlər.
VI fəsil. Bələdiyyələrin su təsərrüfatı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət və mübahisələrin həlli
Maddə 21. Bələdiyyələrin su təsərrüfatı qanunvericiliyinin pozulmasına görə məsuliyyət
Bələdiyyələrin su təsərrüfatı haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Maddə 22. Bələdiyyələrin su təsərrüfatı sahəsində mübahisələrin həlli
Bələdiyyələrin su təsərrüfatı haqqında qanunvericiliyin pozulması ilə bağlı olan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 29 iyun 2001-ci il
№– 159-IIQ
«Azərbaycan» qəzetində dərc edilmişdir (21 avqust 2001-ci il, №– 189).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2001-ci il, №– 8, maddə 519).
4 mart 2005-ci il tarixli, 846-IIQD nömrəli; 9 oktyabr 2007-ci il tarixli, 429-IIIQD nömrəli; 2 iyun 2008-ci il tarixli, 615-IIIQD nömrəli qanunlara əsasən dəyişikliklərlə.