Gözləyin...
Bələdiyyədə görülən işlər 26-09-2026 1933

Xətai rayonunda şəhidlərin xatirəsinə ağaclar əkilib, ehsan süfrəsi açılıb

27 Sentyabr - Anım Günü ilə əlaqədar Xətai rayonunda şəhidlərin xatirəsi yad olunub. Bu münasibətlə Neapol dairəsi yaxınlığında yerləşən şəhidlərin xatirə kompleksinin qarşısında ağacəkmə aksiyası keçirilib, daha sonra şəhid ailələrinin iştirakı ilə ehsan süfrəsi təşkil olunub.

Tədbirlərdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Zahid Oruc və Vüqar Rəhimzadə, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Xətai Rayon Xətai Bələdiyyəsinin sədri Elşad Vəliyev, Bələdiyyənin əməkdaşları, şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər.

Ağacəkmə aksiyası zamanı şəhidlərin xatirəsinə ağaclar əkilib, ərazidə mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib, təmizlik və abadlıq işləri aparılıb. Xətai Rayon Xətai Bələdiyyəsinin əməkdaşları da aksiyada fəal iştirak edərək ərazinin səliqəyə salınmasına və yaşıllıqlara qulluq göstərilməsinə öz töhfələrini veriblər.

Bələdiyyənin sədri Elşad Vəliyev tədbir zamanı görülən işlərlə tanış olub. O, şəhidlərin xatirəsinin əbədiləşdirilməsinin, onların adlarının daim ehtiramla yad edilməsinin hər bir vətəndaşın mənəvi borcu olduğunu bildirib.

Daha sonra şəhidlərin xatirəsinə ehsan süfrəsi açılıb.

Mərasimdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev 27 Sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinin Azərbaycan tarixində xüsusi yer tutduğunu bildirib. Qeyd edib ki, həmin gün Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi uğrunda əks-hücum əməliyyatlarına başlayıb.

RİH başçısı Anım Gününün şəhidlərə və onların ailələrinə göstərilən ehtiramın ifadəsi olduğunu vurğulayıb, şəhid ailələrinə səbir diləyib. O bildirib ki, Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi misilsiz qəhrəmanlıq nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunub və Azərbaycan bayrağı işğaldan azad edilmiş ərazilərimizdə yenidən ucaldılıb.

Çıxışda işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə də toxunulub. Bildirilib ki, həmin ərazilərdə infrastruktur yenilənir, yaşayış məntəqələri bərpa olunur və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı təmin edilir.

Mərasimdə çıxış edən digər şəxslər Vətən müharibəsində Azərbaycan hərbçilərinin göstərdiyi şücaətdən, şəhidlərin və qazilərin fədakarlığından bəhs ediblər.

Tədbir şəhidlərin ruhlarına duaların oxunması və onların əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başa çatıb.







Oxşar Xəbərlər

Bələdiyyə sədri

Vəliyev Elşad Vilayət oğlu
Xətai Rayonu Xətai Bələdiyyəsinin sədri


Vəliyev Elşad Vilayət oğlu 11 aprel 1978-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Xanağa kəndində anadan olmuşdur.
1995-ci ildə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olmuş, 1999-cu ildə həmin ali təhsil müəssisəsini iqtisad ixtisası üzrə bitirmişdir. Təhsilini davam etdirərək 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunmuş, 2006-cı ildə həmin akademiyanı müvəffəqiyyətlə başa vurmuşdur.
Əmək fəaliyyətinə 22 may 2001-ci il tarixində Yasamal Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində müfəttiş vəzifəsində başlamışdır. Peşəkar fəaliyyəti və məsuliyyətli xidməti nəzərə alınaraq 15 fevral 2002-ci il tarixində həmin qurumda baş müfəttiş vəzifəsinə təyin edilmişdir.
03 may 2007-ci il tarixindən etibarən Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Dərəcəli Şəxslərlə İş Departamentində baş məsləhətçi vəzifəsində çalışmış, sosial müdafiə sahəsində dövlət siyasətinin həyata keçirilməsi istiqamətində mühüm fəaliyyət göstərmişdir.
01 may 2017-ci il tarixindən 12 sentyabr 2019-cu il tarixinədək Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsində baş məsləhətçi vəzifəsində fəaliyyətini davam etdirmiş, vətəndaşlara göstərilən sosial xidmətlərin təşkili və idarə olunmasında yaxından iştirak etmişdir.
23 dekabr 2019-cu il tarixində keçirilmiş bələdiyyə seçkilərində Xətai Bələdiyyəsinin üzvü seçilmişdir. 15 yanvar 2020-ci il tarixində keçirilmiş bələdiyyə iclasının qərarı ilə Xətai Bələdiyyəsinin sədri vəzifəsinə seçilmişdir. 29 yanvar 2025-ci il tarixində keçirilmiş bələdiyyənin ilk iclasında yenidən Xətai Bələdiyyəsinin sədri seçilərək ikinci dəfə bu vəzifəyə etimad göstərilmişdir.
Sədr kimi fəaliyyəti dövründə Xətai rayonunda abadlıq və quruculuq işlərinin genişləndirilməsi, park və yaşıllıq sahələrinin salınması, məhəllələrin abadlaşdırılması,  xidmətlərin təkmilləşdirilməsi, sosial layihələrin həyata keçirilməsi, şəhid ailələri, müharibə veteranları və aztəminatlı ailələrə dəstək göstərilməsi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərmişdir. Onun rəhbərliyi ilə bələdiyyədə vətəndaş müraciətlərinə operativ baxılması, şəffaf idarəetmə prinsiplərinin tətbiqi və yerli özünüidarəetmə institutunun inkişafı istiqamətində mühüm işlər görülmüşdür.

Vəliyev Elşad Vilayət oğlu Yeni Azərbaycan Partiyasının üzvüdür. Rus və ingilis dillərini bilir.
Ailəlidir, bir övladı var. 

Son Xəbərlər