Gözləyin...
Bələdiyyə tədbirləri 10-07-2026 101

Xətai Rayon Bələdiyyəsində korrupsiyaya qarşı mübarizə, şəffaflıq və ictimai nəzarətin gücləndirilməsi mövzusunda tədbir keçirildi



Xətai Rayon Bələdiyyəsində “Korrupsiyaya qarşı mübarizə, şəffaflıq və ictimai nəzarətin gücləndirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbir Bakı İctimai Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi çərçivəsində həyata keçirilən layihə əsasında baş tutub.

Görüşdə korrupsiyaya qarşı mübarizənin hüquqi əsasları, şəffaf idarəçilik prinsipləri, ictimai nəzarətin əhəmiyyəti və vətəndaş cəmiyyətinin bu istiqamətdə rolu barədə geniş müzakirələr aparılıb. Təqdimatlarda “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri və dövlət siyasətinin əsas istiqamətləri diqqətə çatdırılıb.

Tədbirdə qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq dövlət idarəçiliyində şəffaflığın artırılması, korrupsiya və rüşvətxorluğa qarşı ardıcıl mübarizənin aparılması, ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi mühüm prioritetlərdəndir.

Xətai Rayon Bələdiyyəsinin sədri Elşad Vəliyevin şəffaf idarəçilik, vətəndaş müraciətlərinə diqqətlə yanaşma və ictimai nəzarət mexanizmlərinin inkişafına verdiyi dəstək xüsusi vurğulanıb. Bildirilib ki, yerli özünüidarəetmə orqanlarında vətəndaş məmnunluğunun təmin edilməsi, əhalinin müraciətlərinə operativ və ədalətli yanaşma dövlət siyasətinin əsas tələblərindən biridir.

Tədbirdə ictimaiyyət nümayəndələri, media təmsilçiləri, vətəndaş cəmiyyəti institutlarının üzvləri və Xətai Rayon Bələdiyyəsinin əməkdaşları iştirak ediblər.

Sonda layihəni həyata keçirən Bakı İctimai Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin rəhbəri Rauf Zeyni tərəfindən Xətai Rayon Bələdiyyəsinin sədri Elşad Vəliyevə layihəyə göstərdiyi dəstəyə və ictimai əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə təşəkkürnamə təqdim olunub. Təşəkkürnamə bələdiyyə sədrinin müavini tərəfindən qəbul edilib.

Tədbir iştirakçıları tərəfindən vurğulanıb ki, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizə və vətəndaş məmnunluğunun təmin edilməsi cəmiyyətin inkişafı və dövlət idarəçiliyinə ictimai etimadın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.