0123344433
Xətai Rayon Xətai Bələdiyyəsi dövlət xidmətlərinin rəqəmsallaşdırılması, vətəndaşlara göstərilən xidmətlərin əlçatanlığının artırılması və müasir texnologiyaların gündəlik həyatda tətbiqinin təşviqi istiqamətində fəaliyyətini davam etdirir.
Bu istiqamətdə Azərbaycan Respublikasının dövlət xidmətlərinin elektronlaşdırılması sahəsində həyata keçirdiyi siyasətə dəstək olaraq “myGov” platformasının əhali arasında təbliği və istifadəsinin genişləndirilməsi məqsədilə maarifləndirmə və praktiki köməklik işləri aparılır.
Xətai Bələdiyyəsinin əməkdaşları vətəndaşlarla birbaşa ünsiyyət zamanı “myGov” platformasının imkanları barədə ətraflı məlumat verir, tətbiqdən istifadə qaydalarını izah edir və ehtiyacı olan şəxslərə yerində praktiki yardım göstərirlər. Belə ki, smartfonlarında tətbiq olmayan vətəndaşlara “myGov” mobil tətbiqinin telefonlarına yüklənməsi, qeydiyyat və istifadə prosesində köməklik edilir.
Bu yanaşma xüsusilə rəqəmsal xidmətlərdən istifadə etməkdə çətinlik çəkən vətəndaşların dövlət xidmətlərinə daha rahat çıxışını təmin etməyə, vaxt itkisinin qarşısını almağa və xidmət prosesini sadələşdirməyə xidmət edir.
Xətai Bələdiyyəsinin sədri Elşad Vəliyev çıxışında bu təşəbbüsün əhəmiyyətini xüsusi vurğulayaraq bildirib ki, müasir dövrdə vətəndaş məmnunluğunun təmin olunması, xidmət keyfiyyətinin yüksəldilməsi və rəqəmsal imkanlardan səmərəli istifadə hər bir dövlət və yerli özünüidarəetmə qurumunun qarşısında duran mühüm vəzifələrdəndir.
Sədr qeyd edib ki, dövlətimizin həyata keçirdiyi rəqəmsal inkişaf siyasətinə dəstək vermək, vətəndaşların elektron xidmətlərdən istifadəsini asanlaşdırmaq və bu sahədə maarifləndirmə işlərini gücləndirmək Bələdiyyənin fəaliyyətində prioritet istiqamətlərdən biri olmalıdır. O, əməkdaşlara vətəndaşlara yalnız məlumat verməklə kifayətlənməməyi, eyni zamanda ehtiyac yarandıqda yerində praktiki köməklik göstərməyi tövsiyə edib.
Elşad Vəliyev onu da vurğulayıb ki, əsas məqsəd vətəndaşın dövlət xidmətlərindən daha rahat, operativ və əlçatan şəkildə yararlanmasına töhfə vermək, rəqəmsal yeniliklərin cəmiyyətin bütün təbəqələri üçün faydalı olmasına nail olmaqdır.
Xətai Bələdiyyəsi bundan sonra da rəqəmsal transformasiya prosesinə dəstək göstərərək, “myGov” platformasının imkanlarının təşviqi, vətəndaşların maarifləndirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

