0123344433
“Bələdiyyənin mülkiyyətinə ehtiyat torpaq fondunun ayrılmaması əhalinin müəyyən problemlərinin vaxtında həll edilməsinə imkan vermir”- bu fikirləri Belediyye.infoya Xətai bələdiyyəsinin sədri Elşad Vəliyev bildirib. Həmçinin bu günədək inzibati əraizini özündə əks etdirən elektron xəritənin təqdim edilməməsi fəaliyyətimizə müəyyən problemlər yaratmaqdadır.
Qarşılaşdığımız çətinliklərə baxmayaraq vergi ödəyiciləri arasında ciddi şəkildə maarifləndirmə işinin aparılması davam etdirilir. Sakinlərə vergilərin nağdsız şəkildə toplanılması, vergi və rüsümların bank və poçt vasitəsi ilə ödəmələri izah olunur və bununla bağlı mütəmadi olaraq görüşlərin keçirilməsi davam etdirilir.
Bu gün bələdiyyənin vergi uçot-sisteminin daha səmərəli şəkildə qurulması, sakinlərin problemlərinin imkan daxilində operativ şəkildə həll edilməsi, bələdiyyə torpaqlarının sərhədlərinin dəqiqləşdirilməsi, bələdiyyənin icarəyə götürdüyü inzibati binanın bələdiyyə mülkiyyətinə verilməsi Xətai bələdiyyəsinin qarşıdakı dövr ərzində nəzərdə tutduğu işlərin tərkib hissəsidir. Bütün bu məqamlar bələdiyyə üçün həlli vacib məsələlərdir. Əgər bu məsələlər öz həllini tezliklə taparsa düşünmək olar ki, sakinlərimizi narahat edən məsələlər də tezliklə öz həllini tapa bilər.
Hazırda fəaliyyətimizi Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzi, Xətai rayon İcra Hakimiyyəti və Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları ilə qarşılıqlı əməkdaşlıq şəraitində qurmağımız öz müsbət təsirini göstərməkdədir.
Sədrin sözlərinə görə, deyilənləri nəzərə alaraq Xətai bələdiyyəsi bundan sonra da üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışacaqdır.