Gözləyin...
Bələdiyyə xəbərləri 12-06-2023 239

Elşad Vəliyev: “Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində atdığı ilk mühüm addımlarından biri də cəmiyyətinin vahidliyinin təmin olunması məqsədilə məhz milli ideologiyanın formalaşdırılması oldu”

Bu il Azərbaycan xalqı özünün ən əhəmiyyətli bayramlarından birini, 15 İyun – Milli Qurtuluş Gününü bütün tariximiz üçün ən əlamətdar bir ildə, Heydər Əliyev İlində qeyd edir. Mövzu ətrafında əməkdaşımızın suallarını Xətai Bələdiyyəsinin sədiri, Yeni Azərbaycan Partiyasının üzvü Elşad Vəliyev cavablandırır.

- Xoş gördük Sizi, Elşad müəllim. ilk növbədə bizimlə həmsöhbət olmaq üçün zaman ayırdığınıza görə Sizə təşəkkür edirəm.

- Salam, xoş gününüz olsun. Mən də bu gözəl bayram, əlamətdar tarixi gün – Azərbaycanın Milli Qurtuluş Günü ərəfəsində sizinlə həmsöhbət olağa çox şadam və bütün suallarınızı məmnuniyyətlə cavablandırmağa hazıram.

- Elşad müəllim, Sizin də vurğuladığınız kimi, bu il qeyd etdiyimiz tarixi günlər arasında 15 İyun tarixinin xüsusi yeri və önəmi var. Bununla belə yaşadığımız 2023-cü il Azərbaycan xalqı üçün xüsusilə əlamətdar bir ildir. Əlbəttə ki, Heydər Əliyev İlində yaşadığımız hər günün, o cümlədən xalqımız tərəfindən bayram kimi qeyd olunan tarixi günlərin də əhəmiyyəti iki qat artır. İstərdim ki, əvvəlcə məhz bu məqamla bağlı fikirlərinizi eşidim.

- Tamamilə düz buyurursuz. Bu il – Heydər Əliyev İli olaraq, həqiqətən də xalqımızın tarixində ən əlamətdar, ən şərəfli illərdən biri kimi əbədi qalacaq. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin Azərbaycanda Heydər Əliyev İli elan olunması birmənalı olaraq bütün xalqın iradəsinin ifadəsidir. Bununla qədirbilən Azərbaycan xalqı öz Ümummilli Liderinə, böyük xilaskar oğluna olan sonsuz sevgi və ehtiramını nöbəti nümayiş etdirib. Başqa cür ola da bilməz. Çünki Ümummilli Lider Heydər Əliyevin respublikaya 34 illik rəhbərliyi dövrü Azərbaycan tarixində ən önəmli inkişaf mərhələsi olmuşdur. Müstəqil ölkəmizin bugünkü uğurları Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyasının, müəyyən etdiyi daxili və xarici siyasət kursunun təntənəsidir. Azərbaycan bu gün hərtərəfli və dinamik inkişaf yolundadırsa, həyatımızın bütün sahələrində yüksəliş, tərəqqi varsa, respublikamız iqtisadi artım tempinə görə son illər bütün dünyada lider mövqelərə yüksəlibsə bütün bunlara görə biz hamımız Heydər Əliyev dühasına borcluyuq. Azərbaycanın tarixinə müasir müstəqil dövlətimizin qurucusu və xalqın xilaskarı kimi daxil olmuş Ulu Öndər Heydər Əliyev xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətlər göstərmişdir.

- Əlbəttə ki, Ümummilli Liderimizin bu xidmətləri sırasında məhz Milli Qurtuluş Gününün mahiyyətini müəyyən edən proseslərin də xüsusi yeri vardır. Bu baxımdan ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə cərəyan edən hadisələri necə şərh edərdiniz?

- Etiraf edim ki, həmin dövrü həyəcansız, ürək ağrısız xatırlamaq olmur. Çox təəssüflər olsun ki, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi yadda qaldı. Bütün bunlar isə, həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etdiyinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən ovaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Bütün bu dağıdıcı proseslər sadəcə iki ərzində davam etsə də, onların təsiri Azərbaycanı öz inkişafında ən azı iyirmi il geri atdı. Əgər müstəqilliyimizin ilk günündən respublikaya rəhbərliyi Ulu Öndər həyata keçirmiş olsaydı xalqımız bu qədər itki verərdimi, bu qədər faciə yaşayardımı? Əlbəttə ki, yox! Lakin həmin dövrdə bir tərəfdən keçmiş SSRİ və Azərbaycan SSR rəhbərliyinin təqibləri, digər tərəfdən hakimiyyətə can atan yerli separatçıların hiylələri qısa müddətə olsa da bunu əngəlləyə bimişdi. Dediyim kimi, bu qısa müddət Azərbaycana çox baha başa gəldi. Artıq 1993-cü ilin yayında Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir olacaq liderə ehtiyacını bir tarixi zərurət kimi ortaya qoymuşdu. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Əlbəttə bu, bütün xalqın qəlbinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və ölkəmizi qarşıda gözləyən daha dəhşətli bəlalardan, müsibətlərdən Azərbaycanı xilas etdi. Həmin gün, Azərbaycan sözün həqiqi mənasında böyük qurtuluşa doğru ən mühüm addımını atdı və bu addımla xalqımızı nicata aparan yola qədəm qoydu. İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider öz xalqı, öz ölkəsi naminə istənilən çətinlik və təhlükələrlə üz-üzə gəlməyə hər zaman hazır idi. Məhz bu xilaskar missiyasının nəticəsi kimi Azərbaycan xalqı 1993-cü ilin oktyabrında Ulu Öndər Heydər Əliyevə etimad göstərərək onu Ölkə Prezidenti seçdi. Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə də xilaskarlıq və quruculuq missiyası ilə xalqının yeganə ümid, nicat yeri oldu. Beləliklə, bu mühüm tarixi gün – 15 iyun xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.

- Elşad müəllim, Ümummilli Liderimizin müəllifi olduğu milli azərbaycançılıq ideologiyasının ölkənin bugünkü ictimai həyatında rolu barədə nə deyə bilərsiniz?

- Mən sizinlə tamamilə razıyam ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində atdığı ilk mühüm addımlarından biri də cəmiyyətinin vahidliyinin təmin olunması məqsədilə məhz milli ideologiyanın formalaşdırılması oldu. Lakin bu barədə danışarkən nəzərə almaq lazımdır ki, Ulu Öndər Heydər Əliyev hələ 1969-1982-ci illərdə milli-mənəvi dəyərlərin, milli ruhun qorunması, kadrların milliləşdirilməsi, azərbaycançılıq ideologiyasının sistem halına salınması istiqamətində bir sıra mühüm addımlar atmışdır. Əgər Ümummilli Liderimizin respublikaya birinci rəhbərliyi dövründə Azərbaycanın sosial-iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirilən tədbirlər, milli şüurun oyanışı istiqamətində istər açıq, istərsə də gizli şəraitdə görülən işlər olmasaydı, bu gün ölkəmizin müstəqil xəttə malik suveren dövlət kimi mövcudluğu mümkün olmazdı. XX əsrin sonlarına doğru çoxəsrlik tarixi mücadilənin yekunu kimi dövlətçiliyini bərpa edən, azadlığa qovuşan Azərbaycan xalqının milli inkişaf ideologiyasının formalaşması da məhz Ulu Öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Ümummilli Lider öz fədakar fəaliyyətilə ümumxalq birliyinin dərin politoloji və nəzəri əsaslarını yaratdı, azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid sistem və konsepsiya halına gətirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri əsasına çevirdi. Dünya Azərbaycanlılarının I Qurultayında “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” – deməklə, Ulu Öndər dünya azərbaycanlılarını azərbaycançılıq ideyası ətrafında səfərbər etdi. Əlbəttə ki, milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın bugünkü davamlı inkişafında özünü aşkar şəkildə büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı.

- Son iyirmi il ərzində Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursu cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ictimai tərəqqiyə yeni güclü təkan verib. İstərdim ki, bu barədə də oxucularımızla öz fikirlərinizi paylaşasınız.

- Azərbaycan uzun müddətdir ki, Cənubi Qafqazın yeganə lider dövlətidir. Lakin bu status indi ölkəmiz üçün artıq keçmiş nailiyyətdir. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən dünyada gedən geosiyasi və iqtisadi proseslər nəzərə alınaraq həyata keçirilən son dərəcə uğurlu daxili və xarici siyasət sayəsində bu gün Azərbaycan artıq sadəcə regionda deyil, həm də bütün dünyada yüksək nüfuza malik, söz sahibi olan ölkələrdən biridir. Azərbaycan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə II Qarabağ müharibəsini Zəfərlə başa vuran, öz ərazilərini öz gücünə işğaldan azad edən, Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaradan, nəhəng Avrasiya məkanının enerji xəritəsini yenidən cızan, minlərlə kvadrat kilometr sahəsi olan işğaldan azad edilmiş ərazilərini yenidən quran, dirçəldən bir ölkədir. Azərbaycan bu gün Avropa İttifaqının enerji təhlükəsizliyin də getdikcə rolu artan etibarlı enerji təchizatçısıdır. Azərbaycan Qoşulmama Hərəkatı kimi nüfuzlu, dünyanın ikinci ən böyük beynəlxalq təsisatına rəhbərlik edən, həm də uğurla rəhbərlik edən bir ölkədir. Birmənalı olaraq deməliyik ki, müasir müstəqil Azərbaycan məhz möhtərəm dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən strateji kursun nəticəsində belə möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth edir. Cənab Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etməyə başladığı 2003-cü ildən bu günədək əldə olunmuş böyük uğurların, möhtəşəm nailiyyətlərin əsasında isə Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və dövlət başçımızın bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Azərbaycan bu kursla irəlilədikcə bizim nəsibimiz yalnız yeni qələbələr, rifah yüksəlişi və güclü dövlətin vətəndaşları olmaq qüruru olacaqdır.

- Elşad müəllim, həqiqətən son sözləriniz məni çox fərəhləndirdi. İnanın ki, Sizinlə söhbətimizi saatlarla davam etdirərdim, lakin təəssüflər olsun ki, buna nə Sizin, nə də mənim iş qrafikimiz imkan vermir. Hər halda, maraqlı müsahibəyə və ətraflı, dolğun cavablarınıza görə Sizə təşəkkür edirəm. Sağ olun, növbəti görüşümüzədək.

- Siz də sağ olun, ümid edirəm ki, ən yaxın vaxtlarda yenidən görüşüb söhbətləşmək imkanımız olacaq.


Söhbətləşdi:
Elman Hüseynov
Elbrus Bağırov
aia.az

Oxşar Xəbərlər

Bələdiyyə sədri

Vəliyev Elşad Vilayət oğlu
Xətai bələdiyyəsinin sədri

Mən, Vəliyev Elşad Vilayət oğlu 11 aprel 1978-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayon Xanağa kəndində anadan olmuşam.
1995-ci ildə Naxçıvan Dövlət Universitetinin iqtisadiyyat fakultəsinə qəbul olmuş, 1999-cu ildə həmin universiteti bitirmişəm. 2003-cü ildə Dövlət İdarəetmə Akademiyasına qəbul olmuş, 2006-cı ildə həmin akademiyanı bitirmişəm. Yeni Azərbaycan Partiyasının üzvüyəm. Rus və ingilis dillərini bilirəm.
Ailəliyəm. Bir övladım var.
22.05.2001-ci ildə Yasamal rayon ƏSMM-də müfəttiş vəzifəsində işə başlamışam . 15.02.2002-ci ildə Yasamal rayon ƏSMM-də Baş müfəttiş vəzifəsinə keçirilmişəm. 03.05.2007-ci ildə Dövlət Sosial Müdafiyə Fondu Hərbi qulluqçular və Xüsusi Dərəcəli şəxslərlə iş departamentində Baş məsləhətçi vəzifəsində çalışmışam.
01.05.2017-ci ildən 12.09.2019-cu ilədək Dövlət Sosial Müdafiyə Fondunun Xətai rayon şöbəsində Baş məsləhətçi vəzifəsində çalışmışam.
23.12.2019-cu il tarixindən Xətai rayon Xətai Bələdiyyəsində Bələdiyyə üzvü seçilmişəm.
15.01.2020-ci il tarixindən Xətai rayon Xətai Bələdiyyəsinin sədri vəzifəsinə seçilmişəm.

Son Xəbərlər

Xətai bələdiyyəsində görüş keçirilib.
Bələdiyyə xəbərləri 26-07-2024
20 Yanvar Ümumxalq Hüzn Günü
Bələdiyyə xəbərləri 20-01-2024