0123344433
Xətai rayonunda şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi, gənclərin idmana cəlb olunması və sağlam həyat tərzinin təbliği istiqamətində növbəti mühüm layihə həyata keçirilib.
Xətai rayonunun Zığ yolu 32, 34 və 36 nömrəli binalarının yerləşdiyi ərazidə şəhid Vasif İsmayılov Süleyman oğlunun adına idman zalı istifadəyə verilib.
Vasif İsmayılov Süleyman oğlu 12 avqust 1974-cü ildə Masallı rayonunun Tüklə kəndində anadan olub. Tüklə kənd orta məktəbini bitirdikdən sonra bir müddət sovxozda fəhlə işləyib. 30 dekabr 1992-ci ildə hərbi xidmətə yollanan Vasif İsmayılov 9 fevral 1993-cü ildə Ağdərə uğrunda gedən döyüşlər zamanı itkin düşüb və sonradan ona şəhidlik statusu verilib.
İdman zalının yaradılması Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevin tapşırıqları əsasında, Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə həyata keçirilib.
Azərbaycan Karate Federasiyasının Prezidenti Ülvi Quliyevin rəhbərliyi və federasiyanın katibi, Xətai Rayon Bələdiyyəsinin əməkdaşı, əməkdar məşqçi Qabil Sayadovun təşkilatçılığı ilə Respublikanın müxtəlif bölgələrində şəhidlərin adlarının əbədiləşdirilməsi, gənclərin idmana cəlb olunması və sağlam həyat tərzinin təbliği məqsədilə bu formatda idman zallarının yaradılması istiqamətində mühüm işlər həyata keçirilir.
Bu təşəbbüslər yalnız idmanın inkişafına deyil, həm də şəhidlərimizin müqəddəs xatirəsinin yaşadılmasına xidmət edən nümunəvi sosial layihələr kimi xüsusi əhəmiyyət daşıyır. Federasiya rəhbərliyinin bu istiqamətdə göstərdiyi ardıcıl diqqət və təşəbbüskarlıq, eləcə də təşkilati işlərin həyata keçirilməsində Qabil Sayadovun fəallığı təqdirəlayiqdir. Belə layihələr gənclərin idmana marağını artırmaqla yanaşı, onların milli-mənəvi dəyərlərə və Vətənə bağlılıq ruhunda yetişməsinə də mühüm töhfə verir.
Tədbirdə şəhid Vasif İsmayılovun ailə üzvləri, Xətai Rayon Bələdiyyəsinin əməkdaşları, sektor müdiri Natiq Sayadov, ictimaiyyət nümayəndələri, idmançılar, məşqçilər və Vətən müharibəsi iştirakçıları iştirak ediblər.
Xətai Rayon Bələdiyyəsinin sədri Elşad Vəliyev məsələ ilə bağlı münasibət bildirərək qeyd edib ki, şəhidlərin adının yaşadılması, onların qəhrəmanlıq yolunun gələcək nəsillərə çatdırılması və şəhid ailələrinə diqqət göstərilməsi xüsusi həssaslıq tələb edən məsələlərdəndir.
Elşad Vəliyev bildirib ki, şəhid Vasif İsmayılovun adına belə bir idman zalının yaradılması həm qəhrəmanımızın əziz xatirəsinə ehtiram, həm də gənclərin sağlam, intizamlı və vətənpərvər ruhda yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Yeni idman zalı ərazidə yaşayan uşaqların və yeniyetmələrin idmanla məşğul olması, onların fiziki hazırlığının artırılması və yeni istedadların üzə çıxarılması üçün mühüm imkan yaradacaq.
Şəhid Vasif İsmayılovun adı bundan sonra bu idman ocağında yaşayacaq. Onun və bütün şəhidlərimizin Vətən qarşısındakı fədakarlığı daim ehtiramla yad ediləcək, müqəddəs xatirələri xalqımızın yaddaşında əbədi qalacaq.
Xətai Bələdiyyəsi