Gözləyin...
Bələdiyyə xəbərləri 28-07-2026 601

Xətai Bələdiyyəsi şəhid anasının dəfn mərasiminin təşkilində iştirak edib

Daşaltı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Veysəl Qasımovun anası Qasımova Saxiyat Qurbanismayılovna 23 aprel 2026-cı il tarixində vəfat etmişdir.


Şəhid Veysəl Qasımov Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə göstərdiyi igidlik, cəsarət və Vətənə sonsuz sədaqəti ilə xalqımızın qəhrəmanlıq salnaməsində əbədi yer tutmuş Vətən övladıdır. Onun əziz xatirəsi daim ehtiramla yad edilir, göstərdiyi şücaət isə gənc nəsillər üçün vətənpərvərlik nümunəsi olaraq yaşayır.


Şəhid anası Saxiyat Qurbanismayılovna uzun illər övladının yolunu böyük ümid və həsrətlə gözləmiş, oğlunun nəşinin Vətənə gətirilərək doğma torpaqda dəfn olunmasından sonra da övlad nisgilini qəlbində yaşatmışdır. Onun vəfatı şəhid ailələrinin keçdiyi ağır və mənəvi cəhətdən çətin həyat yolunun növbəti acı təzahürü kimi dərin hüzn doğurur.


Şəhid anasının dəfn mərasiminin təşkili ilə bağlı məsələ Xətai Bələdiyyəsinin iclasında müzakirə edilmiş, qəbul olunmuş qərara əsasən bələdiyyənin səlahiyyətləri çərçivəsində zəruri maddi və mənəvi dəstəyin göstərilməsi təmin edilmişdir. Dəfn mərasiminin yüksək səviyyədə təşkili istiqamətində görülən tədbirlər Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevin tapşırıqlarına uyğun olaraq, Xətai Bələdiyyəsinin sədri Elşad Vəliyevin koordinasiyası ilə həyata keçirilmişdir. Mərhumun gəlini Mərziyyə xanımın yanında olunmuş, ailəyə dəfn mərasiminin təşkili zamanı hərtərəfli təşkilati və mənəvi dəstək göstərilmişdir.


Dəfn mərasimi ilə yanaşı, mərhumun məzarı üzərində məzar daşının qoyulması və abadlaşdırma işlərinin təşkili də Xətai Bələdiyyəsi tərəfindən təmin edilmiş, ailənin istəyi nəzərə alınaraq məzarın səliqəli və ehtiramlı şəkildə hazırlanması üçün zəruri tədbirlər görülmüşdür.


Dəfn mərasimində Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Xətai Bələdiyyəsinin sədri Elşad Vəliyev, şəhid ailələrinin üzvləri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri, media mənsubları və çoxsaylı sakinlər iştirak etmiş, şəhid Veysəl Qasımovun və anası Saxiyat Qurbanismayılovnanın əziz xatirəsini dərin ehtiramla yad etmiş, ailə üzvlərinə başsağlığı vermişlər.


Şəhid ailələrinə, qazilərə və digər həssas sosial qruplara dövlət qayğısının göstərilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin əsas istiqamətlərindən biridir. Bu siyasətə uyğun olaraq dövlət orqanları və yerli özünüidarəetmə qurumları tərəfindən şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin həllinə həssas yanaşılması, mənəvi dəstəklə əhatə olunması və daim diqqətdə saxlanılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Xətai Bələdiyyəsi də öz səlahiyyətləri çərçivəsində bu dövlət siyasətinə uyğun olaraq şəhid ailələrinə və digər həssas sosial qruplara diqqət və qayğının göstərilməsini fəaliyyətinin əsas istiqamətlərindən biri kimi davam etdirir.


Şəhidlərimizin müqəddəs xatirəsinin əziz tutulması, onların ailələrinin hər zaman diqqət və qayğı ilə əhatə olunması cəmiyyətimizin mənəvi dəyərlərinin ayrılmaz tərkib hissəsidir. Xətai Bələdiyyəsi bundan sonra da öz səlahiyyətləri çərçivəsində şəhid ailələrinin yanında olmağa, onların sosial və mənəvi rifahının dəstəklənməsi istiqamətində fəaliyyətini davam etdirəcəkdir.


Allah şəhidimiz Veysəl Qasımova və anası Saxiyat Qurbanismayılovnaya rəhmət eləsin, ruhları şad olsun.






Oxşar Xəbərlər

Bələdiyyə sədri

Vəliyev Elşad Vilayət oğlu
Xətai Rayonu Xətai Bələdiyyəsinin sədri


Vəliyev Elşad Vilayət oğlu 11 aprel 1978-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Xanağa kəndində anadan olmuşdur.
1995-ci ildə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olmuş, 1999-cu ildə həmin ali təhsil müəssisəsini iqtisad ixtisası üzrə bitirmişdir. Təhsilini davam etdirərək 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunmuş, 2006-cı ildə həmin akademiyanı müvəffəqiyyətlə başa vurmuşdur.
Əmək fəaliyyətinə 22 may 2001-ci il tarixində Yasamal Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində müfəttiş vəzifəsində başlamışdır. Peşəkar fəaliyyəti və məsuliyyətli xidməti nəzərə alınaraq 15 fevral 2002-ci il tarixində həmin qurumda baş müfəttiş vəzifəsinə təyin edilmişdir.
03 may 2007-ci il tarixindən etibarən Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Dərəcəli Şəxslərlə İş Departamentində baş məsləhətçi vəzifəsində çalışmış, sosial müdafiə sahəsində dövlət siyasətinin həyata keçirilməsi istiqamətində mühüm fəaliyyət göstərmişdir.
01 may 2017-ci il tarixindən 12 sentyabr 2019-cu il tarixinədək Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsində baş məsləhətçi vəzifəsində fəaliyyətini davam etdirmiş, vətəndaşlara göstərilən sosial xidmətlərin təşkili və idarə olunmasında yaxından iştirak etmişdir.
23 dekabr 2019-cu il tarixində keçirilmiş bələdiyyə seçkilərində Xətai Bələdiyyəsinin üzvü seçilmişdir. 15 yanvar 2020-ci il tarixində keçirilmiş bələdiyyə iclasının qərarı ilə Xətai Bələdiyyəsinin sədri vəzifəsinə seçilmişdir. 29 yanvar 2025-ci il tarixində keçirilmiş bələdiyyənin ilk iclasında yenidən Xətai Bələdiyyəsinin sədri seçilərək ikinci dəfə bu vəzifəyə etimad göstərilmişdir.
Sədr kimi fəaliyyəti dövründə Xətai rayonunda abadlıq və quruculuq işlərinin genişləndirilməsi, park və yaşıllıq sahələrinin salınması, məhəllələrin abadlaşdırılması,  xidmətlərin təkmilləşdirilməsi, sosial layihələrin həyata keçirilməsi, şəhid ailələri, müharibə veteranları və aztəminatlı ailələrə dəstək göstərilməsi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərmişdir. Onun rəhbərliyi ilə bələdiyyədə vətəndaş müraciətlərinə operativ baxılması, şəffaf idarəetmə prinsiplərinin tətbiqi və yerli özünüidarəetmə institutunun inkişafı istiqamətində mühüm işlər görülmüşdür.

Vəliyev Elşad Vilayət oğlu Yeni Azərbaycan Partiyasının üzvüdür. Rus və ingilis dillərini bilir.
Ailəlidir, bir övladı var. 

Son Xəbərlər

Xətai rayonunda muğam axşamı
Bələdiyyə xəbərləri 27-08-2026