Gözləyin...
Bələdiyyə xəbərləri 27-07-2026 486

Xətai Rayon Bələdiyyəsi tərəfindən məhkəmə qərardadının icrası istiqamətində keçirilmiş təşkilati tədbirlər

Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 12 mart 2026-cı il tarixli, e-2(5-94)-317/2026 nömrəli qərardadı ilə iddiaçı Əliyeva Arzu Canay qızının cavabdehlər "Park Azure" Mənzil-Tikinti Kooperativi və "Güvenli Servis Management" MMC-yə qarşı qaldırdığı mülki iş üzrə Xətai Rayon Bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir.


Məhkəmə qərardadından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə Xətai Rayon Bələdiyyəsinin sədri Elşad Vəliyevin tapşırığı ilə aidiyyəti əməkdaşlardan ibarət işçi komissiyası yaradılmışdır.


Komissiya tərəfindən ilkin təşkilati tədbirlər həyata keçirilərək "Park Azure" yaşayış kompleksində bina sakinlərinin bir qismi və binanın idarə edilməsini həyata keçirən "Güvenli Servis Management" MMC-nin nümayəndələri ilə işgüzar görüş keçirilmişdir. Görüş zamanı məhkəmə qərardadından irəli gələn məsələlər, qanunvericiliyin tələbləri çərçivəsində mümkün təhvil-təslim prosesinin ümumi prinsipləri, tərəflərin hüquq və vəzifələri barədə Xətai Rayon Bələdiyyəsinin İdarə Heyətinin üzvü, baş hüquqşünası Vüsalə Hüseynova tərəfindən ətraflı hüquqi izahat verilmiş, iştirakçıların sualları cavablandırılmışdır.


Daha sonra komissiya tərəfindən yaşayış kompleksinin ümumi istifadədə olan texniki sahələrinə, o cümlədən su nasoslarına baxış keçirilmiş, mövcud vəziyyətin sənədləşdirilməsi məqsədilə fotoqeydiyyat aparılmışdır. Baxış prosesi yalnız vizual müşahidə xarakteri daşımış, hər hansı əmlakın qəbul edilməsi, təhvil götürülməsi və ya hüquqi qiymətləndirilməsi həyata keçirilməmişdir.


Komissiyanın fəaliyyəti yalnız məhkəmə qərardadının icrası ilə bağlı təşkilati tədbirlərin həyata keçirilməsinə yönəlmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq kommersiya sirri təşkil edən məlumatların, tərəflərin daxili fəaliyyətinə aid məxfi məlumatların, habelə məhkəmə araşdırmasının gedişinə təsir göstərə biləcək məlumatların açıqlanmasına yol verilməmişdir.


Xətai Rayon Bələdiyyəsi bundan sonra da məhkəmə qərardadından irəli gələn hüquq və vəzifələrini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun, obyektivlik, şəffaflıq, qanunun aliliyi və tərəfsizlik prinsipləri əsasında həyata keçirməyə davam edəcəkdir.



Oxşar Xəbərlər

Bələdiyyə sədri

Vəliyev Elşad Vilayət oğlu
Xətai bələdiyyəsinin sədri

Mən, Vəliyev Elşad Vilayət oğlu 11 aprel 1978-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayon Xanağa kəndində anadan olmuşam.
1995-ci ildə Naxçıvan Dövlət Universitetinin iqtisadiyyat fakultəsinə qəbul olmuş, 1999-cu ildə həmin universiteti bitirmişəm. 2003-cü ildə Dövlət İdarəetmə Akademiyasına qəbul olmuş, 2006-cı ildə həmin akademiyanı bitirmişəm. Yeni Azərbaycan Partiyasının üzvüyəm. Rus və ingilis dillərini bilirəm.
Ailəliyəm. Bir övladım var.
22.05.2001-ci ildə Yasamal rayon ƏSMM-də müfəttiş vəzifəsində işə başlamışam . 15.02.2002-ci ildə Yasamal rayon ƏSMM-də Baş müfəttiş vəzifəsinə keçirilmişəm. 03.05.2007-ci ildə Dövlət Sosial Müdafiyə Fondu Hərbi qulluqçular və Xüsusi Dərəcəli şəxslərlə iş departamentində Baş məsləhətçi vəzifəsində çalışmışam.
01.05.2017-ci ildən 12.09.2019-cu ilədək Dövlət Sosial Müdafiyə Fondunun Xətai rayon şöbəsində Baş məsləhətçi vəzifəsində çalışmışam.
23.12.2019-cu il tarixindən Xətai rayon Xətai Bələdiyyəsində Bələdiyyə üzvü seçilmişəm.
15.01.2020-ci il tarixindən Xətai rayon Xətai Bələdiyyəsinin sədri vəzifəsinə seçilmişəm.

Son Xəbərlər