0123344433
11 sentyabr 2026-cı il tarixində Heydər Əliyev adına istirahət parkının amfiteatrında ali təhsil müəssisələrinə yüksək balla qəbul olan gənclərlə keçirilən görüş və konsert proqramı ölkəmizdə gənclərə və təhsilə göstərilən diqqət və qayğının daha bir nümunəsi oldu.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin parkda yerləşən abidəsinin ziyarət olunması, abidə önünə gül dəstələrinin qoyulması və əziz xatirəsinin dərin ehtiramla yad edilməsi xüsusi məna daşıyırdı.
Ulu Öndər Heydər Əliyev hər zaman gəncləri Azərbaycanın gələcəyi kimi görür, onların yüksək təhsilli, vətənpərvər və dövlətçilik prinsiplərinə sadiq insanlar kimi yetişməsinə xüsusi önəm verirdi. Onun formalaşdırdığı gənclər siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Xətai rayonunda da gənclərimizin təhsil sahəsində qazandığı yüksək nəticələr qürurvericidir. 2025–2026-cı tədris ilində rayonun 4544 məzunundan 3018-nin ali və digər təhsil müəssisələrinə qəbul olması, 61 məzunun 650-dən yuxarı bal toplaması gənclərimizin potensialının göstəricisidir.
Millətimizin gələcəyi, dövlətimizin idarəçiliyində söz sahibi olacaq yeni nəsil məhz bu gün yüksək nəticələr göstərərək böyük uğurlara imza atan gənclərimizin üzərinə düşür. Onların bilikləri, dünyagörüşü, vətənə bağlılığı və məsuliyyət hissi Azərbaycanın gələcək inkişafının əsas amillərindən olacaq.
İnanıram ki, bu gün tələbə adını qazanan hər bir gənc yalnız şəxsi uğurunu deyil, həm də Azərbaycanın gələcəyinə olan məsuliyyətini dərk edəcək. Onlar öz bilik və bacarıqları ilə ölkəmizin elminə, iqtisadiyyatına, dövlət idarəçiliyinə və ictimai həyatına layiqli töhfələr verəcəklər.
Bu münasibətlə yüksək nəticə göstərərək tələbə adını qazanan bütün gənclərimizi, onların valideynlərini və müəllimlərini ürəkdən təbrik edir, hər birinə təhsil həyatında uğurlar arzulayıram.
Güclü dövlətin gələcəyi savadlı, vətənpərvər və məsuliyyətli gənclərin əlindədir.