0123344433
“Dövlət başçısı İlham Əliyevin hər bir nitqi, yerli və xarici mətbuata müsahibələri reallıqlarımızın təbliği ilə yanaşı, ölkə Prezidentinin natiqlik məharətini, zəngin diplomatik təcrübəsini, dünya miqyaslı siyasi lider obrazını, hər bir fikrini konkret faktlarla əsaslandırmaq bacarığını nümayiş etdirir. Bu baxımdan möhtərəm Prezidentimizin avqustun 14-də “CNN Türk” televiziya kanalına müsahibəsi mühüm məqamlarla, çağırışlarla diqqəti cəlb edir. Cənab İlham Əliyev sözügüdən müsahibədə telekanalın suallarını qalib ölkənin qalib Lideri kimi cavablandırdı. Digər mühüm məqam isə odur ki, daim dövlətinin, xalqının sabahını düşünən, gələcəyə hesablanmış siyasəti, yeni təkmil islahatları ilə Azərbaycana davamlı uğurlar qazandıran Prezidentin əldə olunan nailiyyətlərdən, dövlətimizin beynəlxalq hüquqa əsaslanan balanslaşdırılmış xarici siyasəti nəticəsində ayrı-ayrı ölkələrlə qurduğu əməkdaşlıq əlaqələrindən, postmüharibə dövrünün reallıqlarının gerçəkləşdirilməsi məqsədilə möhkəm hüquqi bazanın mövcudluğundan məmnunluğunun aydın ifadəsini yaradır. Əsas olan budur ki, Azərbaycan müstəqilliyinin 30-cu ildönümünü Prezident İlham Əliyevin qətiyyəti, ordumuzun rəşadəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində ərazi bütövlüyü təmin olunan, işğaldan azad edilən torpaqlarında üçrəngli bayrağı dalğalanan, 30 ilin işğalına 44 gündə son qoyan qalib ölkə kimi qeyd edəcək. Sözügedən müsahibə, ümumilikdə, Prezident İlham Əliyevin güclü, öz xalqını dərindən sevən, bütün qüvvə və bacarığını Azərbaycanın daha da qüdrətlənməsinə, xalqımızın ən böyük arzularının gerçəkləşdirilməsinə sərf edən, bütöv bir millətin sevgi və böyük dəstəyini qazanmış Lider olduğunu təqdim edir. Möhtərəm Prezidentimiz bu etimadı, nüfuzu, inamı ölkəmizi güclü dövlətə çevirməklə, ərazi bütövlüyümüzü bərpa edib ümummilli lider Heydər Əliyevin vəsiyyətini, Azərbaycan xalqının bütün istək və arzularını gerçəkləşdirməklə qazanıb. Prezident İlham Əliyevin müsahibədə “Müharibənin ilk günlərində bəziləri düşünürdü ki, görən dayanacaqlarmı, dayanmayacaqlarmı, dayandıracaqlarmı, dayandırmayacaqlarmı, İlham Əliyev sona qədər gedəcəkmi, getməyəcəkmi amma müharibə davam etdikcə hər kəs gördü ki, öldü var, döndü yoxdu sona qədər gedəcəyik” fikri bütün bu dediklərimizin ümumiləşdirilmiş ifadəsi, dövlət başçısının xarakterini, şəxsi keyfiyyətlərini, qətiyyətini, cəsarətini, vətənpərvərlik nümunəsini təqdim edən tezisdir.”
V.Rəhimzadə qeyd
edib ki, Azərbaycan işğalın davam etdiyi 30 ilə yaxın müddətdə sülh
siyasətinə sadiqlik nümayiş etdirərək bu gün artıq tarixə qovuşan Dağlıq
Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların
nəticə verməsi üçün ciddi səylər göstərdi: “Amma dünyanın ikili
standartlara əsaslanan siyasəti nəticəsində Ermənistanın müxtəlif
bəhanələrlə danışıqlar prosesindən yayınması, həlledici məqamlarda təxribatlar
törətmək cəhdləri diqqətdən kənarda qalmadı. Açıq-aydın göründü ki,
Ermənistan münaqişənin həllində maraqlı deyil, yeni müharibə planları
hazırlayır. 44 günlük Vətən müharibəsində Ermənistanın
işğal altında olan ərazilərimizdə qurduğu istehkamları, havadarları
tərəfindən, necə deyərlər, təpədən-dırnağadək silahlandırılmasını gördükdə bunu
bir daha təsdiqlədik. Himayədarlarının dəstəyi ilə danışıqları
imitasiya naminə aparan, özü üçün vaxt qazanıb istehkamlar quran, silahlanan
Ermənistan sonda Azərbaycan Ordusu tərəfindən necə diz
çokdürüldüyünün şahidi oldu.
Dövlət başçısı
İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində də diqqəti bu
məqamlara, xüsusilə ATƏT-in Minsk qrupunun fəaliyyətinin nəticəsizliyinə
yönəldərək bildirmişdir ki, son illər ərzində dəfələrlə demişdim ki,
Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq, nəyin bahasına
olursa-olsun öz doğma torpaqlarını işğalçılardan azad edəcək və belə də oldu:
“Dediyim sözlər həyatda öz yerini tutdu və Azərbaycan Qurtuluş savaşına
başlayaraq öz tarixi torpaqlarını işğalçılardan azad etdi, tarixi ədaləti bərpa
etdi, işğalçıları bizim torpaqlardan qovdu və öz ərazi bütövlüyünü bərpa etdi.”
Baş redaktor
vurğulayıb ki, dünya 30 ilə yaxın müddətdə Ermənistanın beynəlxalq hüququn
norma və prinsiplərini, BMT-nin məlum qətnamələrini necə kobud şəkildə
pozmasına göz yumduğu kimi, 44 günlük İkinci Qarabağ müharibəsində də
erməni vəhşiliklərini görməzdən gəldi, işğalçıların dinc azərbaycanlı əhaliyə
qarşı törətdikləri vandalizm aktlarına münasibətdə seyrçi mövqedə
dayanmağa üstünlük verdi: “Döyüş meydanında məğlubiyyəti ilə barışmayan
Ermənistan silahlı qüvvələrinin cəbhə xəttindən xeyli uzaqda
yerləşən ərazilərimizi raketlə atəşə tutmaları, mülki
şəxlərin ölümünə, yaralanmasına, böyük dağıntılara səbəb olan
təxribatlarına biganə yanaşan dünya birliyi bununla 30 illik dövrdə ədaləti
hansı meyarlarla qoruduğunu nümayiş etdirdi. Şəhər və kəndləri intensiv surətdə
atəşə tutması, müharibə cinayətləri törətməsi Ermənistanın təcavüzkar
dövlət olduğunu, onun hərbi-siyasi rəhbərliyinin beynəlxalq hüquqa sayğısız
yanaşdığını, müharibə cinayətləri törətməsini işğalçılıq siyasətinin
tərkib hissəsinə çevirdiyini təsdiqlədi.”
Vüqar
Rəhimzadə bildirib ki, artıq bütün bunlar tarixə qovuşub: “Azərbaycan
özünün çağdaş tarixində yeni səhifə açıb. İşğaldan azad edilmiş ərazilərimizdə
bərpa və quruculuq işləri həyata keçirilir. Bu torpaqlarda ermənilər
tərəfindən bütün infrastrukturun dağıdılması və talan edilməsi, hazırda
Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması ilə bağlı gərgin iş
aparılması, bu işlərin planlı şəkildə, maksimal sürətlə həyata keçirilməsi göz
önündədir. Reallıqlar Ermənistanın dağıdıcı, Azərbaycanın isə
qurucu, yaradıcı olduğunu təsdiq edir. Cənab İlham Əliyevin qeyd etdiyi
kimi, bərpa və yenidənqurma işlərinin başa çatdırılmasında əsas rəqib zamandır.
Qayıdış üçün bizə zaman lazımdır. Çünki 30 il ərzində ermənilər o yerləri
dağıdıblar və bu gün oranı bərpa etmək, əlbəttə ki, vaxt tələb edir.
Lakin vətəndaşlarımızın ən qısa müddətdə qayıtmalarını təmin etmək üçün
sistemli işlər həyata keçirilir. Birinci pilot layihə artıq gerçəkləşir.
Zəngilan rayonunda 3 kəndi birləşdirən bir layihə bu ilin sonuna, gələn
ilin əvvəlinə hazır olacaq.”
Baş redaktor
qeyd edib ki, müsahibədə dövlət başçısı İlham Əliyevin diqqət göstərdiyi əsas
məsələlərdən biri bu oldu ki, Azərbaycan və Ermənistan arasında
sülh müqaviləsinin imzalanması, Zəngəzur koridoru başda olmaqla
kommunikasiyaların açılması, sərhədlərin demarkasiyası və delimitasiyası
prosesinə və digər məsələlərin həllinə maneə törədən yeganə səbəb Ermənistanın
ya buna hazır olmaması, ya da bunun əleyhinə olmasıdır: “Dövlət başçısının da
vurğuladığı kimi, Ermənistanda ifrat millətçilik, türkofobiya,
azərbaycanofobiya, islamofobiya o dərəcədə insanların və hakim dairələrin
beyinlərini zəhərləyib ki, onlar bunu istəsələr də, dilə gətirə
bilmirlər. Çünki onların otuz il ərzindəki ideoloji sütunları, mifologiya
darmadağın edildi. Erməni ordusunun “müzəffər ordu” olması 44 gün ərzində
yerlə-yeksan edildi. 30 il ərzində özləri haqqında olmazın yalanlarını
uydururdular. Dünyaya qəbul etdirməyə çalışırdılar ki, guya onların “müzəffər,
yenilməz ordusu” var, erməni xalqı döyüşkən xalqdır. Bəs nə oldu? Bütün
bu miflər darmadağın edildi.”
Hazırkı dövrün
çağırışlarına, Azərbaycanın gözləntilərinə gəldikdə isə V. Rəhimzadə
bildirib ki, üçtərəfli Bəyanatın bütün müddəalarının yerinə yetirilməsi
üçün Rusiyadan gözləntilər böyükdür. Çünki bu üçtərəfli Bəyanatın
imzalanmasında Rusiya vasitəçi olmaqla yanaşı, iştirakçı tərəfdir. İstər 10
noyabr Bəyanatının, istərsə də 11 yanvar razılaşmasının icrası istiqamətində
Rusiya konstruktkiv addımlar atmalıdır. Rusiyanın Ermənistanı
silahlandırmaması da gözləntilər sırasındadır. Əvvəldə də qeyd etdiyimiz kimi,
Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinin məhv edilmiş və yaxud
qənimət kimi götürülmüş hərbi texnikası, silah-sursatı bu kasıb ölkənin
himayədarları tərəfindən silahlanmasına aydınlıq gətirdi. Prezident İlham
Əliyevin də müsahibəsində qeyd etdiyi kimi, müharibə başa çatıb. Yəni, erməni
xalqı da bu vəziyyətlə barışıb. Erməni rəhbərliyi də məğlubiyyətlə barışıb və
Ermənistanda keçirilmiş son parlament seçkiləri bunu göstərdi. Belə olan halda,
əlbəttə ki, Ermənistanı silahlandırmaq heç bir məntiqə sığmır.”
Baş
redaktor problemlərin yaşanmasında dünyanın ikili siyasətinin əsas rol
oynadığını önə çəkərək, hazırkı postmünaqişə dövründə də bunun şahidi
olduğumuzu diqqətə çatdırıb: “Ermənistanın baş naziri Nikol Paşinyan
Azərbaycanla danışıqlara hazır olduqlarını, bununla yanaşı, ATƏT-in Minsk
qrupundan təkliflər gözlədiklərini xüsusi vurğulamaqla məsələyə üçüncü dövlətin
müdaxiləsinin hələ də gündəmdə olmasına aydınlıq gətirir. Sual olunur: 30 ildə
konkret təklif ortaya qoymayan, hər zaman işğalçıya dəstək missiyasını yerinə
yetirən, Azərbaycanın tarixi Zəfəri ilə vasitəçilik missiyası bitmiş hesab
olunan ATƏT-in Minsk qrupu sülh müqaviləsinin imzalanması ilə bağlı hansı
təkliflə çıxış edə bilər? Yenə Ermənistan üçün vaxt qazanıb onun
silahlandırılmasına şərait yaratmaqmı istəyirlər? Görünür, İkinci Qarabağ
savaşı hələ ki, hər kəs üçün dərs olmadı. Azərbaycan belələrinə bu dərsi
yenidən verməyə hazırdır.”
Vüqar Rəhimzadə
diqqəti bir daha dövlət başçısı İlham Əliyevin müsahibəsində Azərbaycanın
tarixi Zəfərini şərtləndirən amillərdən geniş bəhs edilməsinə yönəltmişdir.
Bildirmişdir ki, bu gün dünyaya səs salan, Şuşa Bəyannaməsinin imzalanması ilə
müttəfiqlik münasibətlərimizi Qarabağımızdan dünyaya bi mesaj kimi ünvanlayan
Azərbaycan-Türkiyə dostluğu əbədidir, iki qardaş ölkə ən çətin məqamlarda
daim bir-birinin yanındadır: “İkinci Qarabağ müharibəsində Azərbaycan
xalqı gördü ki, onun əsl dostu, qardaşı kimdir. Azərbaycanın
yanında olan ölkələr Türkiyə və Pakistan idi. Birliyimiz
əbədidir. Yeni nəsil, gənc nəsil bu yolu davam etdirməlidir. Bu yol əbədi
olmalıdır. Vətən müharibəsində Türkiyənin Azərbaycana siyasi və
mənəvi dəstəyi, Prezident Rəcəb Tayyib Ərdoğanın dünyaya ünvanladığı
“Azərbaycan tək deyil” mesajı Zəfərimizə gedən yola işıq saldı. Bu gün isə
Azərbaycan bütün varlığı ilə təbii fəlakətlərlə üz-üzə qalan qardaş Türkiyənin
yanındadır. Hazırda dünya miqyasında Türkiyə ilə Azərbaycan qədər
bir-birinə yaxın olan ikinci ölkələr yoxdur. Bu birlik, həmrəylik,
qardaşlıq sözdə deyil, əməldədir.”
Baş redaktor bu
ümumiləşdirməni aparıb ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan
İlham Əliyevin hər bir müsahibəsi istər 30 illik işğal, istər Vətən müharibəsi,
istərsə də postmünaqişə dövrünün reallıqlarını öyrənmək üçün zəngin mənbədir.