Gözləyin...
Bələdiyyə xəbərləri 09-06-2023 586

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda yeni yaradılan “Gənclik” parkının açılışında iştirak ediblər

Avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonu ərazisində yeni yaradılan “Gənclik” parkının açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov burada yaradılan şərait barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.

Bir zamanlar baxımsız ərazi olan bu yerin indi həmin görkəmindən əsər-əlamət qalmayıb. Paytaxtın Xətai rayonunda yerləşən ərazi yenidən qurularaq Azərbaycanın meşə tipli füsunkar parklarından birinə çevrilib.

Hələ 2019-cu il noyabrın 11-də “Gənclik” parkı yeni salınarkən Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin “Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi çərçivəsində ağacəkmə aksiyasında iştirak edən dövlətimizin başçısı parkın abadlaşdırılması, təbii mənzərəsinin qorunub saxlanılması, burada əyləncə və idmanla məşğul olmaq üçün şəraitlə yanaşı, iaşə obyektlərinin qurulması, insanların asudə vaxtlarının səmərəli təşkili məqsədilə zəruri infrastrukturun yaradılmasına dair tapşırıqlar vermişdi. Üzərindən qısa zaman keçməsinə baxmayaraq, tapşırıqlar tam şəkildə icra olunub və nəticədə yeni istirahət mərkəzi paytaxtın ən gözəl məkanlarından birinə çevrilib.

Parkda şəhər sakinlərinin və qonaqların istirahəti üçün müxtəlif infrastruktur yaradılıb. Buraya üz tutanlar həm yay, həm də qış aylarında paytaxt Bakının, o cümlədən Xəzər dənizinin əsrarəngiz mənzərəsini də seyr edə bilərlər.