Gözləyin...
Bələdiyyə xəbərləri 15-11-2026 546

Xətai Bələdiyyəsi “Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda beynəlxalq elmi-praktiki konfransda təmsil olunub

14 noyabr 2026-cı il tarixində Bakıda Atatürk Mərkəzində “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans keçirilib.

Konfrans Dövlət Himninin səsləndirilməsi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə milli məfkurənin möhkəmləndirilməsi, tarixi-mədəni irsin qorunması, milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsi, dövlətçilik şüurunun gücləndirilməsi və müasir dövrdə meydana çıxan ideoloji təhdidlərə qarşı mübarizə məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Konfransda “İMZA” İctimai Birliyinin sədri Xəyyam Əsgərov, beynəlxalq məsələlər üzrə sədr müavini Elnar Məmmədli, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Türkiyənin Azərbaycandakı sabiq səfiri və İMZA İB-nin Türkiyə təmsilçisi Hulusi Kılıç, Xətai Rayon Xətai Bələdiyyəsinin əməkdaşı Həsən Əliyev, eləcə də Türkiyə, ABŞ, Mərakeş, Qazaxıstan və Türkmənistandan olan ictimai xadimlər və nümayəndələr onlayn formatda iştirak ediblər. Müxtəlif ölkələrin təmsilçilərinin iştirakı konfransın beynəlxalq əhəmiyyətini artırmaqla yanaşı, milli ideologiya, mənəvi irs və dövlətçilik prinsipləri ətrafında geniş fikir mübadiləsinə imkan yaradıb.

Konfransın əsas məruzəçisi Milli Məclisin deputatı Hikmət Babaoğlu “Dövlətçilik şüuru, tarixi-mənəvi irs və təhlükəsizlik barəsində, Prezident İlham Əliyevin ideoloji təhlükəsizlik çağırışlarının strateji prioritetləri” mövzusunda çıxış edib. Məruzədə dövlətçilik şüurunun gücləndirilməsi, milli maraqların qorunması və ideoloji təhlükəsizliyin təmin olunmasının əhəmiyyəti diqqətə çatdırılıb. Digər çıxışlarda isə Azərbaycan-Türkiyə qardaşlığının möhkəmliyi, milli kimliyin qorunması və yad ideoloji təsirlərin qarşısının alınması məsələləri xüsusi vurğulanıb.

Xətai Rayon Xətai Bələdiyyəsinin əməkdaşı Həsən Əliyev bildirib ki, Bələdiyyə tərəfindən bu kimi beynəlxalq formatlı elmi-praktiki tədbirlərə, dövlətçilik prinsiplərinin, milli-mənəvi dəyərlərin və ideoloji təhlükəsizlik məsələlərinin öyrənilməsinə xüsusi önəm verilməsi təqdirəlayiqdir. O qeyd edib ki, müxtəlif ölkələrdən ictimai xadimlərin onlayn iştirakı ilə keçirilən belə tədbirlər Azərbaycanın beynəlxalq nüfuzunun, milli-mənəvi dəyərlərinin və dövlətçilik təcrübəsinin tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın möhkəm dövlətçilik ənənələri, milli birliyi, suverenliyi və tarixi-mənəvi irsinə bağlılığı ilə dünya miqyasında örnək dövlət və xalq kimi tanınması bu cür beynəlxalq platformaların əhəmiyyətini daha da artırır. Həsən Əliyev, həmçinin konfrans çərçivəsində əldə olunan təcrübənin Bələdiyyənin gələcək fəaliyyətində tətbiqinin faydalı olacağını vurğulayıb.

Xətai Bələdiyyəsinin sədri Elşad Vəliyev milli məfkurənin, mənəvi irsin və ideoloji təhlükəsizliyin qorunmasını dövlətçiliyimizin əsas dayaqlarından biri kimi qiymətləndirir. Onun rəhbərlik etdiyi Bələdiyyədə milli-mənəvi dəyərlərin yaşadılması, tarixi yaddaşın qorunması, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi və cəmiyyətdə dövlətçilik düşüncəsinin gücləndirilməsi mühüm istiqamətlərdən biri hesab olunur.

Sədr Elşad Vəliyev ölkə Prezidenti cənab İlham Əliyevin milli maraqların qorunması, dövlət suverenliyinin möhkəmləndirilməsi, milli kimliyin və mənəvi dəyərlərin yaşadılması istiqamətində həyata keçirdiyi ardıcıl siyasəti yüksək qiymətləndirir. Dövlət başçısının müəyyən etdiyi strateji hədəflərin dəstəklənməsini mühüm vətəndaşlıq və dövlətçilik mövqeyi hesab edən Bələdiyyə rəhbərliyi bu prinsiplərin yerli özünüidarəetmə fəaliyyətində də əsas götürülməsinə xüsusi diqqət yetirir.

Müasir dövrdə informasiya məkanında və qlobal proseslərdə meydana çıxan ideoloji çağırışlar milli birliyin, tarixi yaddaşın və mənəvi bütövlüyün qorunmasını daha da aktuallaşdırır. Bu baxımdan, dövlət başçısının müəyyən etdiyi strateji istiqamətlərə uyğun olaraq milli dəyərlərin təbliği, sağlam ideoloji mühitin formalaşdırılması və gənc nəslin milli ruhda tərbiyəsi xüsusi əhəmiyyət daşıyır.

Xətai Bələdiyyəsi bundan sonra da öz fəaliyyətində dövlətçilik prinsiplərinə, milli-mənəvi dəyərlərin qorunmasına, vətənpərvərlik ideyalarının təbliğinə və cəmiyyətin ideoloji maarifləndirilməsinə xüsusi önəm verməkdə davam edəcək. Bu istiqamətdə həyata keçirilən təşəbbüslər Azərbaycanın milli birliyinin, mənəvi bütövlüyünün və dövlətçilik ənənələrinin gələcək nəsillərə ötürülməsinə xidmət edir.



Oxşar Xəbərlər

Bələdiyyə sədri

Vəliyev Elşad Vilayət oğlu
Xətai Rayonu Xətai Bələdiyyəsinin sədri


Vəliyev Elşad Vilayət oğlu 11 aprel 1978-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Xanağa kəndində anadan olmuşdur.
1995-ci ildə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olmuş, 1999-cu ildə həmin ali təhsil müəssisəsini iqtisad ixtisası üzrə bitirmişdir. Təhsilini davam etdirərək 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunmuş, 2006-cı ildə həmin akademiyanı müvəffəqiyyətlə başa vurmuşdur.
Əmək fəaliyyətinə 22 may 2001-ci il tarixində Yasamal Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində müfəttiş vəzifəsində başlamışdır. Peşəkar fəaliyyəti və məsuliyyətli xidməti nəzərə alınaraq 15 fevral 2002-ci il tarixində həmin qurumda baş müfəttiş vəzifəsinə təyin edilmişdir.
03 may 2007-ci il tarixindən etibarən Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Dərəcəli Şəxslərlə İş Departamentində baş məsləhətçi vəzifəsində çalışmış, sosial müdafiə sahəsində dövlət siyasətinin həyata keçirilməsi istiqamətində mühüm fəaliyyət göstərmişdir.
01 may 2017-ci il tarixindən 12 sentyabr 2019-cu il tarixinədək Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsində baş məsləhətçi vəzifəsində fəaliyyətini davam etdirmiş, vətəndaşlara göstərilən sosial xidmətlərin təşkili və idarə olunmasında yaxından iştirak etmişdir.
23 dekabr 2019-cu il tarixində keçirilmiş bələdiyyə seçkilərində Xətai Bələdiyyəsinin üzvü seçilmişdir. 15 yanvar 2020-ci il tarixində keçirilmiş bələdiyyə iclasının qərarı ilə Xətai Bələdiyyəsinin sədri vəzifəsinə seçilmişdir. 29 yanvar 2025-ci il tarixində keçirilmiş bələdiyyənin ilk iclasında yenidən Xətai Bələdiyyəsinin sədri seçilərək ikinci dəfə bu vəzifəyə etimad göstərilmişdir.
Sədr kimi fəaliyyəti dövründə Xətai rayonunda abadlıq və quruculuq işlərinin genişləndirilməsi, park və yaşıllıq sahələrinin salınması, məhəllələrin abadlaşdırılması,  xidmətlərin təkmilləşdirilməsi, sosial layihələrin həyata keçirilməsi, şəhid ailələri, müharibə veteranları və aztəminatlı ailələrə dəstək göstərilməsi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərmişdir. Onun rəhbərliyi ilə bələdiyyədə vətəndaş müraciətlərinə operativ baxılması, şəffaf idarəetmə prinsiplərinin tətbiqi və yerli özünüidarəetmə institutunun inkişafı istiqamətində mühüm işlər görülmüşdür.

Vəliyev Elşad Vilayət oğlu Yeni Azərbaycan Partiyasının üzvüdür. Rus və ingilis dillərini bilir.
Ailəlidir, bir övladı var. 

Son Xəbərlər