Gözləyin...
Bələdiyyə xəbərləri 05-11-2026 18

Xətai Bələdiyyəsində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

03 noyabr 2026-cı il tarixində Xətai Rayon Xətai Bələdiyyəsində 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib.

Tədbir başlamazdan əvvəl Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Xətai Bələdiyyəsi sədrinin köməkçisi Rövşən Məmmədov Bələdiyyə sədri Elşad Vəliyevin adından kollektivi qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik edib. O, çıxışında 8 Noyabrın Azərbaycan tarixində sadəcə təqvim günü deyil, xalqımızın milli iradəsinin, sarsılmaz birliyinin və dövlətçilik əzminin təntənəsi olduğunu vurğulayıb.

Qeyd olunub ki, Zəfər tarixi xalqımızın onilliklər ərzində qəlbində yaşatdığı torpaq həsrətinin sona çatdığı, milli qürur və ləyaqətimizin bütün dünyaya nümayiş etdirildiyi möhtəşəm bir səhifədir. Bu tarixi Qələbə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi, uzaqgörən strategiyası, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın həmrəyliyi sayəsində əldə olunub.

Daha sonra tədbirdə iştirak edən Bələdiyyə sədrinin müavini Şahmar Əsədov, eləcə də bələdiyyə əməkdaşları Əliyar Əliyev, Elşən Nabatəliyev, Natiq Sayadov, Həmid Həmidov, Nərminə Hacıyeva və Həsən Əliyev mövzu ətrafında çıxış ediblər.

Çıxışlarda 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldığı, əldə olunan Zəfərin milli birliyimizin, dövlətə sədaqətimizin və Vətən sevgimizin ən parlaq ifadəsi olduğu diqqətə çatdırılıb. Bildirilib ki, bu Qələbə yalnız hərbi uğur deyil, həm də Azərbaycan xalqının tarixi ədalətin bərpasına olan inamının və milli qürurunun təntənəsidir.

Natiqlər xüsusi olaraq vurğulayıblar ki, Zəfərin arxasında dayanan ən böyük mənəvi güc Vətən uğrunda canından keçən şəhidlərimizin müqəddəs fədakarlığı, qazilərimizin qəhrəmanlığı və xalqımızın sarsılmaz həmrəyliyidir. Şəhidlərimizin bizə əmanət etdiyi Vətən torpağını qorumaq, dövlətimizin güclənməsinə töhfə vermək və gələcək nəsillərə qalib Azərbaycanın tarixini çatdırmaq hər bir vətəndaşın mənəvi borcudur.

Tədbirdə, həmçinin Zəfər Gününün gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində, milli-mənəvi dəyərlərə bağlılığın möhkəmləndirilməsində və dövlətçilik düşüncəsinin inkişafında mühüm əhəmiyyət daşıdığı qeyd edilib.

Bildirilib ki, bu gün Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri qazanılmış tarixi nailiyyətləri qorumaq, ölkəmizin davamlı inkişafına töhfə vermək və Zəfər ruhunu gündəlik fəaliyyətimizdə yaşatmaqdır. Yerli özünüidarəetmə orqanı olaraq bələdiyyələrin də üzərinə düşən məsuliyyət yalnız inzibati vəzifələrin icrası ilə məhdudlaşmır. Dövlətçilik dəyərlərinin təbliği, milli həmrəyliyin gücləndirilməsi, şəhid ailələrinə və qazilərə diqqət və qayğının göstərilməsi bu fəaliyyətin mühüm mənəvi istiqamətlərindəndir.

Səmimi və vətənpərvərlik ruhunda keçən tədbirin sonunda bir daha vurğulanıb ki, 8 Noyabr Azərbaycan xalqının heç vaxt unudulmayacaq qəhrəmanlıq salnaməsidir.

Zəfər bir xalqın yalnız qazandığı Qələbə deyil, həm də gələcəyinə daşıdığı məsuliyyətdir. Bu gün biz qalib xalqın nümayəndələri kimi azadlığımızın, suverenliyimizin və dövlətçiliyimizin qədrini bilməli, şəhidlərimizin əziz xatirəsini daim uca tutmalıyıq.

Yaşasın müstəqil Azərbaycan!

Yaşasın Müzəffər Ali Baş Komandan!

Eşq olsun Azərbaycan Ordusuna!



Oxşar Xəbərlər

Bələdiyyə sədri

Vəliyev Elşad Vilayət oğlu
Xətai Rayonu Xətai Bələdiyyəsinin sədri


Vəliyev Elşad Vilayət oğlu 11 aprel 1978-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Xanağa kəndində anadan olmuşdur.
1995-ci ildə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olmuş, 1999-cu ildə həmin ali təhsil müəssisəsini iqtisad ixtisası üzrə bitirmişdir. Təhsilini davam etdirərək 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunmuş, 2006-cı ildə həmin akademiyanı müvəffəqiyyətlə başa vurmuşdur.
Əmək fəaliyyətinə 22 may 2001-ci il tarixində Yasamal Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində müfəttiş vəzifəsində başlamışdır. Peşəkar fəaliyyəti və məsuliyyətli xidməti nəzərə alınaraq 15 fevral 2002-ci il tarixində həmin qurumda baş müfəttiş vəzifəsinə təyin edilmişdir.
03 may 2007-ci il tarixindən etibarən Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Dərəcəli Şəxslərlə İş Departamentində baş məsləhətçi vəzifəsində çalışmış, sosial müdafiə sahəsində dövlət siyasətinin həyata keçirilməsi istiqamətində mühüm fəaliyyət göstərmişdir.
01 may 2017-ci il tarixindən 12 sentyabr 2019-cu il tarixinədək Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsində baş məsləhətçi vəzifəsində fəaliyyətini davam etdirmiş, vətəndaşlara göstərilən sosial xidmətlərin təşkili və idarə olunmasında yaxından iştirak etmişdir.
23 dekabr 2019-cu il tarixində keçirilmiş bələdiyyə seçkilərində Xətai Bələdiyyəsinin üzvü seçilmişdir. 15 yanvar 2020-ci il tarixində keçirilmiş bələdiyyə iclasının qərarı ilə Xətai Bələdiyyəsinin sədri vəzifəsinə seçilmişdir. 29 yanvar 2025-ci il tarixində keçirilmiş bələdiyyənin ilk iclasında yenidən Xətai Bələdiyyəsinin sədri seçilərək ikinci dəfə bu vəzifəyə etimad göstərilmişdir.
Sədr kimi fəaliyyəti dövründə Xətai rayonunda abadlıq və quruculuq işlərinin genişləndirilməsi, park və yaşıllıq sahələrinin salınması, məhəllələrin abadlaşdırılması,  xidmətlərin təkmilləşdirilməsi, sosial layihələrin həyata keçirilməsi, şəhid ailələri, müharibə veteranları və aztəminatlı ailələrə dəstək göstərilməsi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərmişdir. Onun rəhbərliyi ilə bələdiyyədə vətəndaş müraciətlərinə operativ baxılması, şəffaf idarəetmə prinsiplərinin tətbiqi və yerli özünüidarəetmə institutunun inkişafı istiqamətində mühüm işlər görülmüşdür.

Vəliyev Elşad Vilayət oğlu Yeni Azərbaycan Partiyasının üzvüdür. Rus və ingilis dillərini bilir.
Ailəlidir, bir övladı var. 

Son Xəbərlər