0123344433
Əmlak vergisinin vaxtında ödənilməsi yalnız qanunla müəyyən edilmiş öhdəliyin yerinə yetirilməsi deyil, həm də yerli özünüidarəetmənin maliyyə imkanlarının gücləndirilməsinə verilən töhfədir.
Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 197.1.1-ci maddəsinə əsasən, fiziki şəxslərin xüsusi mülkiyyətində olan tikililər və onların hissələri əmlak vergisinin vergitutma obyektidir. Məcəllənin 200.6-cı maddəsinə əsasən isə fiziki şəxslərin əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir.
Bu vəsaitlər bələdiyyələrin maliyyə bazasının formalaşmasında mühüm rol oynayır. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanuna əsasən, əmlak vergisi yerli vergilər sırasındadır. Beləliklə, vətəndaşın ödədiyi hər bir vergi yerli özünüidarəetmənin maliyyə imkanlarının formalaşmasına öz töhfəsini verir.
Güclü maliyyə bazası olan bələdiyyələr yerli əhəmiyyətli məsələlərin həllində, abadlıq, yaşıllaşdırma, ərazilərin inkişafı və müxtəlif sosial layihələrin həyata keçirilməsində daha geniş imkanlara malik olurlar. Bu baxımdan vergi intizamı yalnız maliyyə məsələsi deyil, həm də cəmiyyət qarşısında məsuliyyət məsələsidir.
Vergilərin vaxtında ödənilməsi qanunçuluğa hörmətin və vətəndaş məsuliyyətinin göstəricisidir. Hər bir vətəndaşın öz vergi öhdəliyini yerinə yetirməsi ümumi maliyyə intizamının möhkəmlənməsinə, bələdiyyələrin dayanıqlığının artmasına və yerli inkişaf üçün əlavə imkanların yaranmasına şərait yaradır.
Əmlak vergisi kiçik bir ödəniş kimi görünsə də, minlərlə vətəndaşın ödədiyi vəsait birlikdə yerli inkişaf üçün mühüm maliyyə mənbəyinə çevrilə bilər.
Ona görə də əmlak vergisini vaxtında ödəmək sadəcə qanuni borcu yerinə yetirmək deyil, yaşadığımız ərazinin inkişafına, bələdiyyələrin güclənməsinə və cəmiyyətin rifahına verilən real töhfədir.
Qanuna əməl edən vətəndaş güclü cəmiyyətin, güclü bələdiyyə isə inkişaf edən yerli mühitin əsas dayaqlarından biridir.
