Gözləyin...
Bələdiyyə xəbərləri 05-10-2026 143

Hər birimizin öz müəllimi vardır Xətai rayonunda “Zirvəyə Aparan İşıq” tədbiri keçirilib

“Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq.”

Heydər Əliyev 

02.10.2026-cı il tarixində 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Xətai Rayon İcra Hakimiyyəti və Xətai Rayon Bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.

Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Xətai Rayon Bələdiyyəsinin sədri Elşad Vəliyev, Milli Məclisin deputatları Qüdrət Həsənquliyev, Zahid Oruc, Vüqar Rəhimzadə, Pərvanə Vəliyeva, Rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov, məktəb direktorları, müəllimlər, şəhid ailələrinin üzvləri, rayon ağsaqqalları və ziyalılar iştirak ediblər.

Çıxış edən Rafiq Quluyev müəllimləri peşə bayramı münasibətilə təbrik edərək, təhsilin ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu bildirib. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə təhsil müəssisələrinin yenilənməsi, müasir standartlara uyğunlaşdırılması və təhsil imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.

Qeyd olunub ki, Xətai rayonunda da təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, məktəb və uşaq bağçalarının əsaslı təmiri, müasir avadanlıqlarla təmin olunması istiqamətində ardıcıl işlər görülür.

Rayonun təhsil göstəricilərinə toxunan Rafiq Quluyev bildirib ki, 2025–2026-cı tədris ilində orta məktəbi bitirən 4 544 məzundan 3 018-i ali təhsil müəssisələrinə qəbul olub, 61 məzun 650-dən yuxarı bal toplayıb, 9 məzun isə məktəbi qızıl medalla başa vurub.

Xətai Rayon Bələdiyyəsinin sədri Elşad Vəliyev çıxışında müəllimlik peşəsinin cəmiyyətin gələcəyinin formalaşmasında mühüm rolunu vurğulayıb. O bildirib ki, insanın həyatında ilk bilikləri verən, dünyagörüşünün formalaşmasına təsir göstərən müəllimin xüsusi yeri var və bu səbəbdən müəllim əməyinə hörmət hər zaman yüksək olmalıdır.

Elşad Vəliyev qeyd edib ki, dövlət tərəfindən təhsilə göstərilən diqqət və yaradılan müasir imkanlar müəllimlərin üzərinə düşən məsuliyyəti daha da artırır. O, Xətai rayonunda təhsilin inkişafı istiqamətində görülən işlərin və əldə olunan nəticələrin sevindirici olduğunu bildirib.

Bələdiyyə sədri tədbirin Xətai Rayon İcra Hakimiyyəti ilə Xətai Rayon Bələdiyyəsinin birgə əməkdaşlığının növbəti nümunəsi olduğunu vurğulayaraq, müəllimlərin əməyinin belə bir tədbirlə qiymətləndirilməsindən məmnunluğunu ifadə edib. O, “Zirvəyə Aparan İşıq” tədbirinin səmimi və xoş ab-hava ilə yadda qaldığını, müəllimlərə göstərilən diqqətin onların fəaliyyətinə mənəvi dəstək olduğunu qeyd edib.

Digər çıxışlarda da ölkəmizdə təhsilin inkişafı, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi və təhsil müəssisələrinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışılıb.

Sonda pedaqoji fəaliyyətində fərqlənən və yüksək nəticələr əldə edən müəllimlərə qiymətli hədiyyələr və fəxri fərmanlar təqdim olunub.

Xətai Rayon İcra Hakimiyyəti və Xətai Rayon Bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbir müəllim əməyinə göstərilən ehtiramın və təhsilə verilən yüksək dəyərin ifadəsi kimi yadda qalıb.



Oxşar Xəbərlər

Bələdiyyə sədri

Vəliyev Elşad Vilayət oğlu
Xətai Rayonu Xətai Bələdiyyəsinin sədri


Vəliyev Elşad Vilayət oğlu 11 aprel 1978-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Xanağa kəndində anadan olmuşdur.
1995-ci ildə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olmuş, 1999-cu ildə həmin ali təhsil müəssisəsini iqtisad ixtisası üzrə bitirmişdir. Təhsilini davam etdirərək 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunmuş, 2006-cı ildə həmin akademiyanı müvəffəqiyyətlə başa vurmuşdur.
Əmək fəaliyyətinə 22 may 2001-ci il tarixində Yasamal Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində müfəttiş vəzifəsində başlamışdır. Peşəkar fəaliyyəti və məsuliyyətli xidməti nəzərə alınaraq 15 fevral 2002-ci il tarixində həmin qurumda baş müfəttiş vəzifəsinə təyin edilmişdir.
03 may 2007-ci il tarixindən etibarən Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Dərəcəli Şəxslərlə İş Departamentində baş məsləhətçi vəzifəsində çalışmış, sosial müdafiə sahəsində dövlət siyasətinin həyata keçirilməsi istiqamətində mühüm fəaliyyət göstərmişdir.
01 may 2017-ci il tarixindən 12 sentyabr 2019-cu il tarixinədək Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsində baş məsləhətçi vəzifəsində fəaliyyətini davam etdirmiş, vətəndaşlara göstərilən sosial xidmətlərin təşkili və idarə olunmasında yaxından iştirak etmişdir.
23 dekabr 2019-cu il tarixində keçirilmiş bələdiyyə seçkilərində Xətai Bələdiyyəsinin üzvü seçilmişdir. 15 yanvar 2020-ci il tarixində keçirilmiş bələdiyyə iclasının qərarı ilə Xətai Bələdiyyəsinin sədri vəzifəsinə seçilmişdir. 29 yanvar 2025-ci il tarixində keçirilmiş bələdiyyənin ilk iclasında yenidən Xətai Bələdiyyəsinin sədri seçilərək ikinci dəfə bu vəzifəyə etimad göstərilmişdir.
Sədr kimi fəaliyyəti dövründə Xətai rayonunda abadlıq və quruculuq işlərinin genişləndirilməsi, park və yaşıllıq sahələrinin salınması, məhəllələrin abadlaşdırılması,  xidmətlərin təkmilləşdirilməsi, sosial layihələrin həyata keçirilməsi, şəhid ailələri, müharibə veteranları və aztəminatlı ailələrə dəstək göstərilməsi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərmişdir. Onun rəhbərliyi ilə bələdiyyədə vətəndaş müraciətlərinə operativ baxılması, şəffaf idarəetmə prinsiplərinin tətbiqi və yerli özünüidarəetmə institutunun inkişafı istiqamətində mühüm işlər görülmüşdür.

Vəliyev Elşad Vilayət oğlu Yeni Azərbaycan Partiyasının üzvüdür. Rus və ingilis dillərini bilir.
Ailəlidir, bir övladı var. 

Son Xəbərlər